Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Doğum evlərindəki bazarı yığışdırsınlar" - Pediatrdan ETİRAZ

  • 2021.07.05 10:38
  • 1185 Baxış
"Doğum evlərindəki bazarı yığışdırsınlar" -  Pediatrdan ETİRAZ
Əgər uşaqların sağlamlığını süni qida bazarına bağlamışıqsa, gələcəyəmiz üzərində bazar qurmuşuq deməkdir.

Medicina.az xəbər verir ki, bunu Axar.az-a pediatr Aytən İsmayılzadə bəzi doğum evlərində qanunsuz yerə körpələrə süni qida yazan həkimlərdən danışarkən deyib.



“Bu gün dərmanlardan özünə faiz alan həkimlər var. Ola bilsin ki, maaşları azdır. Lakin həkim yeni doğulmuş südəmər körpəyə ilk gündən reseptdə süni qida (smes) yazırsa, buna görə 50 manat qazanır və bu pulla ailəsini dolandırırsa, bu əsl vicdansızlıqdır. Erkən yaşda uşaqların qidalanması haqqında qanuna əsasən, yeni doğulan uşaq ana südü ilə qidalanmalıdır. Analar bu haqlarını həkimdən tələb etməlidirlər. Belə hallar artıqca səhiyyəmiz barədə yaranan mənfi fikirlər öz təsdiqini get-gedə tapır”.

Pediatr bildirib ki, “Similak”, “Nutrilak” və “Friso” kimi süni qidaları doğum evlərinə eyni adam gətirir:

“Dəfələrlə müraciət etmişəm ki, bu bazarı doğum evlərindən yığışdırsınlar. Bəzi həkimlər pula görə uşaqların sağlamlıqlarını satırlar. Həmin həkimləri vicdanlı olmağa çağırıram. İnək südü istisna olmaqla, bəzən vacib məqamlarda keçi südü və badam südü verə bilirik. Əgər doğum evində süni qida veriləcəksə, hipo allergenik formasını versinlər. Dövlətin təyin etdiyi qaydada heç kimin maddi marağı olmayan qida verməlidirlər. İstər dövlət, istər özəl klinikalar hamısı bu vəziyyətdədir. “Oksigen”, “Leyla” “Kaspian İnternəşnl” klinikasına südəmər körpəyə süni qida təyin etməyə kim ixtiyar verir? Əgər etdikləri düzgündürsə, niyə həmin klinikalar maarifləndirmə apardığıma görə narahat olurlar? Həmin reseptləri aidiyyəti qurumlara həkimin adı ilə birlikdə göndərmişik. Səhiyyə Nazirliyinə bununla bağlı müraciətimi etmişəm. Hər kəs etdiyinə görə məsuliyyət daşımalıdır. Yaxın vaxtlarda bu problemin həlli ilə bağlı müsbət cavab alacağıma inanıram”.