Son illər
dünyada diz xəstəliklərindən əziyyət çəkən insanların sayı artır. Dünya
statistikasına əsasən, son 20 ildə bu rəqəm artaraq 65% -ə çatıb.
Medicina.az xarici KİV-ə istinadən xəbər verir ki, əvvəllər yaşlı nəsildə daha çox rast
gəlinən diz xəstəlikləri indi gənc nəsildə də özünü göstərir. Həkimlərin
dediyinə görə, bunun əsas səbəbi oturaq həyat tərzidir.
Xüsusilə,
artıq çəkidən əziyyət çəkən şəxslərdə diz problemlərinə daha çox rast gəlinir.
Dizlərimiz bütün həyatımız boyu bədənimizin ağırlığını daşıdığı üçün artıq
çəkidən ilk təsirlənən də onlar olur. Məsələn, 1 kq artıq çəki dizlərə 4 kq
ağırlıq yükləyir. Buna görə də, arıqlama, diz kalsifikasiyası olan xəstələrin
müalicəsində ən təsirli amillərdən biridir.
Bəzi
mütəxəssislər gün ərzində pilləkən çıxıb-düşməyin artıq çəkili insanlar üçün
faydalı olduğunu bildirir. Lakin bir qrup mütəxəssis bu fikirlə razılaşmır.
Doğrudur, pilləkənlə qalxmaq gün ərzində xərclənən enerjini artırır, çəki
nəzarətini və əzələ gücünü təmin edir, diz ağrısı hallarını azaldır. Amma bu,
hər kəs üçün eyni deyil. Çəki səbəbindən pilləkən çıxmaq bəzən əks təsiri ilə
dizlərə zərər verə bilər.
Əgər xəstənin
"patellofemoral” (diz qapağı) oynaq qığırdağı ilə bağlı problemi yoxdursa,
pilləkənlə qalxmağın heç bir ziyanı yoxdur. Patellofemoral qığırdaq zədələnməsi
varsa, müalicə zamanı pilləkənlərdən istifadəni məhdudlaşdırmaq və ya minimuma
endirmək lazımdır.
Diz
xəstəlikləri arasında ən çox yayılanları ligament yırtıqları, diz qapağı və
qığırdaq zədələri, diz ətrafındakı əzələ və ya tendon problemləri, diz
infeksiyası adlanan septik artrit və s-dir. Bu da əsasən, idmançılarda və
travma keçirən şəxslərdə özünü göstərməkdədir.