Fermentləşdirilmiş qidalar və kombuça diş sağlamlığı üçün faydalıdır.
Medicina.az xəbər verir ki, bunu “Gazeta.Ru”ya stomatoloq-terapevt, parodontoloq Elena Martinova bildirib.
“Mina insan orqanizmində ən sərt toxumadır və onun ilkin quruluşu irsi olaraq keçir. Lakin minanın keyfiyyəti və möhkəmliyi insanın həyatı boyu nə yediyindən asılı olaraq dəyişə bilər”, - deyə həkim qeyd edib.
O xatırladıb ki, insan orqanizmi bir çox vitamin və mikroelementləri istehsal edə bilmir, onları yalnız qidadan əldə etmək olar:
“Diş sağlamlığı üçün ən vacib məhsul sudur. Düzgün içmə rejimi (gündə iki litrə qədər) kifayət qədər miqdarda tüpürcək təmin etməyə imkan verir və beləliklə, ağız boşluğunda bakteriyaların sayı azalır.
Bundan əlavə, suyun tərkibində kariyesin inkişafının qarşısını alan ftor var. Ancaq bəzi filtrlərin sudan ftoru təmizlədiyini və bir çox şüşə suyu üçün də bunun keçərli olduğunu unutmayın. Ona görə də faydalı su seçimi çox vacibdir”.
Martinova diqqətə çatdırıb ki, kalsium, fosfor və ftor minanın əsas minerallarıdır, bu onun kristal şəbəkəsinin çərçivəsini təşkil edir:
“Kalsiumu süd məhsulları və pendirlərdən alırıq. Onun udulması üçün ilkin şərt D vitamininin yetərli səviyyədə olmasıdır. Fosfor ətdə, yağlı balıqlarda, digər dəniz məhsullarında və yumurtada olur”.
Həkimin sözlərinə görə, ağız boşluğundakı faydalı mikrofloranı kombuça başda olmaqla, fermentləşdirilmiş qidalar və içkilər qəbul etməklə saxlamaq lazımdır.
“Tərəvəz və göyərti, minanın özünü təmizləməsinə kömək edir və çeynəmə zamanı diş ətlərinə masaj edir.
Bitki fitonsidləri bakterial toksinləri zərərsizləşdirir və onların böyüməsinə maneə törədir. Meyvə və tərəvəzlərdən sorulan C vitamini diş ətinin və sümük toxumasının qan damarlarını gücləndirir.
Tünd şokolad (yalnız 80% və ya daha çox kakao tərkibi olanlar) ən zərərsiz desertdir. Həm də diş sağlamlığını yaxşılaşdırır. Tərkibi sayəsində tünd şokolad ağız bakteriyalarının əmələ gətirdiyi turşuların səviyyəsi azaldır və çürük prosesinin başlamasına imkan vermir. Üstəlik, şokolad insana yüksək enerji və yaxşı əhval-ruhiyyə verir”, - deyə stomatoloq qeyd edib.
Mütəxəssis dişlər və diş ətləri üçün sağlam menyunun bütövlükdə bədən üçün sağlam qidalanma tərzinə uyğun olduğunu deyib.
“Maddələr mübadiləsi və vitamin balansı sağlam ağız boşluğunun və sümük toxumasının saxlanmasını təmin edir. Ancaq yalnız diş sağlamlığını yaxşılaşdıran qidalar yesək, lakin ağız boşluğunun gigiyenasını təmin etməsək, yenə diş çürüməsi və diş əti xəstəlikləri mütləq baş verəcək.
Dişlərinizin sağlamlığını qorumağın və ağız boşluğunun peşəkar gigiyenasını təmin etməyin yeganə yolu ildə iki dəfə stomatoloqa müraciət etmək və müayinədən keçməkdir. Həmçinin düzgün fırça və diş pastası da həkimin məsləhəti ilə seçilməlidir”, - deyə həkim vurğulayıb.
Aysel