Gecə yuxunuzda qorxulu nəsə görəndə və yaxud həddindən çox stressli vaxtlarda dodağınızın üzərində, ağız ətrafında yara peyda olur.
Söhbət dodaq uçuğundan gedir.
Medicina.az mövzu ilə bağlı faydalı məlumatları təqdim edir.
Dodağınıza çıxan uçuqlar fikirləşdiyiniz qədər yüngül bir şey deyil. O, gələcəkdə sizin kar olmanıza səbəb ola bilər.
Dodaq uçuğunun yaradıcısı herpes virusudur. İmmunitet aşağı düşdükdə herpes xəstəliyin növbəti mərhələsinə keçir və çoxalmağa başlayır. Dodaqlar və üzdə yaranan herpesi əsasən virusun birinci tipi yaradır. Bəzən yaxın kontakt zamanı ağız suyu damcıları vasitəsilə yayılan ikinci tip virus da buna səbəb ola bilər.
Herpes adətən özünü içərisi bulanıq maye ilə dolu olan səpgilər formasında biruzə verir. Yara qaşınma yaradır və ağrıyır. Herpes virusunun yaratdığı uçuqlar 5-7 gün ərzində sağalır.
Virus həmçinin, orta qulağın eşitmə sinirlərinə də mənfi təsir edir. Araşdırmalar göstərir ki, dodaqlarda uçuqlama olduğu zaman herpes virusu orta qulaq toxumasına da yerləşir və orada aylarla və hətta illərlə aktivləşərək, eşitmənin itirilməsinə səbəb ola bilir.
Herpes virusunun ortaya çıxmasının səbəbləri
- Stress, həyəcan, müxtəlif travmalar
- Yorğunluq, yuxusuzluq kimi orqanizmi zəiflədən vəziyyətlər
- soyuqdəymə, qrip və digər qızdırmalı xəstəliklər
- QİÇS, xərçəng, orqan transplantasiyası
- Həddən çox günəş işıqlarına və ultrabənövşəyi şüalara məruz qalmaq
Dodaq uçuğu keçici xəstəlik hesab olunur. Eyni dəsmaldan, öpüşmə və ya eyni qab-qacaqdan istifadə etmək virusun başqasına yoluxmasına səbəb olur. Uçuğun yayılmasının qarşısını almaq üçün kremlər və bəzi anti-bakterial mazlar istifadə olunmalıdır.
Təbii ki, həkim məsləhəti ilə bu addımı atmağınız məsləhətlidir.
Ayna