Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Dindarlar, siyasətçilər, məmurlar qabağa düşməlidir...” - Deputat meyitdən transplantasiyanın detallarını açıqladı

  • 2018.12.28 11:20
  • 8911 Baxış
“Dindarlar, siyasətçilər, məmurlar qabağa düşməlidir...” -  Deputat meyitdən transplantasiyanın detallarını açıqladı

 

"Dünyada orqan və toxuma transplantasiyası çox sürətlə inkişaf edir. Hazırda süni orqanların hazırlanması, kök hüceyrələrdən orqan yaradılması, heyvanlardan donor kimi istifadə edilməsi və s məsələlər dünyada eksperiment şəklində tətbiq edilir. Bəzi hallarda artıq kilinikalarda tətbiq edilir. O cümlədən meyitdən orqan götürülməsi məsələsi də gündəmdədir. Lakin bizim mövcud qanunvericiliyimiz bunun üçün tam hüquqi baza yaratmır”. 


Medicina.az xəbər verir ki, bu sözləri millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda nə beyin ölümünün kriteriyaları, nə beyin ölümü keçirmiş şəxslərdən orqanların götürülmə qaydaları müəyyənləşməyib: "Bu orqanları götürmək üçün  xüsusi təhcizatlı klinikalar və mütəxəssis kadrlar yoxdur. Bunların hamısını həyata keçirməkdən ötrü orqan və toxuma köçürülməsi qanunu yenidən hazırlanaraq hüquqi baza yaradılıb. Şəxs sağlığında öz orqanlarını vəsiyyət edə bilər, amma bunun sənədləşməsi işinin bir hüquqi bazası, qaydaları, formaları olmalıdır. Və yaxud şəxs sağlamlığında  donor olmaq üçün heç bir münasibət bildirməyibsə, belə insan dünyasını qəfil dəyişdikdə, beyin ölümü baş verdikdə, o zaman necə hərəkət etmək lazımdır? Bütün ailə üzvlərindən icazə alınmalıdır, yoxsa ilk hadisə yerinə çatan qohum icazə verməlidir? Neçənci dərəcəli ailə üzvlərinin razılığı lazımdır? Bütün bu suallar işin etik tərəfidir.  


Digər tərəfdən donor gözləyən insanların siyahısı olmalıdır. Çünki meyitdən götürülən orqanların xəstəyə köçürülməsi bir neçə saat ərzində həyata keçirilməlidir. Burada gözləyən insanların tənzimlənməsi üçün bir qayda olmalıdır. Bundan əlavə, hər hansı bir insanın orqanının digər bir xəstəyə uyğun gəlməsi hələ sual altındadır. Çünki burada insanın immun sistemi vacib rol oynayır. Bütün bu məsələlərin hüquqi bazası və əsasları olmalıdır”. 


Millət vəkili əlavə edib ki, meyitdən orqan götürülməsi zamanı kimlərin orda iştirak edib-etməməsi də çox mühüm məsələdir: "Çünki hazırda bütün dünyada orqan qaçaqmalçılığı geniş yayılıb. Bu əməliyyatda prokurorun, din xadiminin, həmkarlar ittifaqı üzvünün iştirakı vacibdir ki, bu zaman qeyri-qanuni və qara əməllərə yol verilməsin. Bütün bu məsələlər yeni qanun layihəsində öz əksini tapıb. Bu məsələ təkcə tibbin deyil, həmçinin də dinin, cəmiyyətin də maraqlandığı məsələdir. Qanun qəbul olunacağı təqdirdə, uyğun klinikaların yaradılması, beyin ölümünün kriteriyalarının müəyyən edilməsindən, meyitdən orqan götürülməsinə icazə verildikdən sonra vətəndaş, cəmiyyət buna hazır olmalıdır. Bunun üçün din xadimləri, ziyalılar, alimlər, siyasətçilər, dövlət adamları qabağa düşərək özləri öz orqanlarını notarial qaydada vəsiyyət edərək müqavilə bağlamalıdırlar. Bütün bu məsələlər kompleks şəkildə həll olunmalıdır”.  


Arzu

Medicina.az