Çox vaxt dildə əmələ gələn ərp normal hal kimi qəbul edilir. Lakin dil əslində heç bir ləkəsiz, çöküntüsüz, çəhrayı rəngdə olmalıdır. Yalnız yuxudan sonra əmələ gələn və ya rahatlıqla təmizlənə bilən yüngül ağ rəngli çöküntü normal qəbul oluna bilər. Digər hallarda dildə əmələ gələn hər bir ləkə orqanizmdə baş verən hansısa problemin xəbərçisidir və bunun yaranma səbəblərini müəyyən etmək mütləqdir.
Dildə əmələ gələn qatılaşmalar rənginə, qatın qalınlığına, formasına və lokallaşmasına görə fərqlənir. Sağlam çöküntü ilin fəsillərindən asılı olaraq quruluşuna görə dəyişir. Belə ki, adətən payızın sonlarına doğru görülməz olan çöküntü yay fəslinə doğru daha çox qatılaşır. Çöküntülər ağ, sarımtıl, tünd boz və hətta qara rəngə kimi dəyişə bilər. Belə ki, yaranma səbəbləri qatılıqdan və rəngdən asılı olaraq dəyişir. Yüksək qatılıq xəstəliyin ağırlığından, yüngül ərp isə orqanizmdə yayılmağa başlayan hansısa infeksiyadan xəbər verir. Kəskin respirator xəstəliklər zamanı da dildə yüngül ərp yarana bilər. Dilin səthinin görünməyəcəyi qədər qalın qat əmələ gəlməsi isə orqanizmdə baş verən güclü virus infeksiyaları və ya hansısa xroniki xəstəliyin başlanmasının göstəricisidir.
Qalın və olduqca qatı ərp bağırsaqda meydana çıxan problemlərin əlamətidir. Yoğun bağırsaqda toksin və şlakların toplanması zamanı isə dilin kök hissəsində ləkə şəkilli çöküntü müşahidə edilir. Qızdırma ilə müşayiət olunan qalın ərp qatı orqanizmdə infeksion xəstəliyin yayılması barədə xəbər verir. Mədə-bağırsaq sistemi pozuntuları və ya qaraciyər, öd kisəsi problemləri zamanı dildə nazik, selikli ərp qatı yarana bilər. Ağciyər problemləri zamanı dilin ön və yan tərəflərində ağımtıl ərp çöküntüləri əmələ gəlir. Böyrək pozuntuları səbəbindən isə dilin kök hissəsinə yaxın ağ ləkələr yarana bilər. Əsasən uşaqlarda müşahidə edilən kandidozun göstəricilərindən biri də bütün dili əhatə edən və ya ləkələr şəklində əmələ gələn kəsmikə bənzər ağ qatdır. Quru, ağımtıl ərp isə orqanizmin susuzlaşmasından xəbər verir. Belə qatılaşmalar dalağın funksional pozuntuları zamanı da baş verə bilər. Dilin sol tərəfində əmələ gələn sürüşgən ağ ərp qatı isə qaraciyər və ya öd kisəsində meydana çıxan infeksiyanın göstəricisidir.