Tanınmış tarixçi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli vəfat edib.
Medicina.az -ın xəbərinə görə, D.Əzimli bu gün 62 yaşında dünyasını dəyişib.
Bir müddət əvvəl koronavirusa yoluxan alim Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanasında müalicə olunurdu.
Qeyd edək ki, Dilavər Mirzəkişi oğlu Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub. O, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini qırmızı diploma bitirib və həmin fakültənin aspiranturasında saxlanılıb. Dilavər Əzimli 1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr nazirliyində aparıcı mütəxəssis işləyib.
1994-cü ildən 2004-cü ilə kimi Azərbaycan mətbuatında müxtəlif qəzet və jurnallarda çalışıb. 2003-cü ildən AMEA-nın Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışıb, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində "Türk və Şərqi Avropa xalqları" kafedrasının müəllimi olub.