"Böyrək əvəzedici terapiya (hemodializ və peritoneal dializ) qəbul edən xəstələr, xüsusilə maye qəbuluna və pəhrizə ciddi riayət etmələri məsləhət görülür. Duz, fosfor və kalium zəngin olan qida məhsulların məhdudlaşdırılmasına çalışılmalıdır".
"Medicina" xəbər verir ki,bunu nefroloq Elnur Fərəcov bildirib.
Onun sözlərinə görə, üyni zamanda, proteinli qidalar və kalori qəbulunun miqdarı da kifayət qədər olmalıdır. Zərərli vərdişlərdən imtina olunması və sağlam həyat tərzi də çox önəmlidir:
"Ümumiyyətlə, dializ qəbul edən xəstələrin həyat tərzində heç bir qeyri adi dəyişiklər olunmasına ehtiyac yoxdur. Xəstələr ağır fiziki işləri istisna olmaqla əmək fəaliyyətlərini davam etdirə bilərlər. Hətta xarici ölkələrə belə işgüzar səfərlərə gedə, səyahət edə bilərlər. Sadəcə getdiyi şəhərdə yerləşən hemodializ mərkəzləri ilə əlaqə saxlayaraq, qaldığı müddət ərzində hemodializ seansları alması üçün müraciət etməlidirlər.
Hemodializ müalicəsi qəbul edən xəstələrdə bəzi hallarda seanslar zamanı hipotenziya epizodları, aritmiyalar, heparin istifadəsində mədə-bağırsaq qanaxmaları, kateterlərə bağlı infeksiyalar, tromboz və s. kimi fəsadlaşmalar olmağına baxmayaraq, əksər hallarda aparılan müalicə və tədbirlər nəticəsində bu simptom və ağırlaşmaları qısa zamanda korreksiya etmək mümkün olur. Əlavə olaraq, ürək-damar, ağciyər və qaraciyər patologiya və s. kimi başqa orqan patologiyası olan xəstələrdə nefroloq ilə yanaşı başqa mütəxəssislər tərəfindən də xüsusi nəzarət altında olmaları zəruridir".
Həkim qeyd edib ki, əfsuslar olsun ki, dializ qəbul edən xanımların hamilə qalma ehtimalı çox aşağıdır və olduğu halda isə ciddi fəsədlaşma ehtimalı da çox yüksəkdir:
"Sağlam övlad sahibi olmaq yalnız böyrək transplantasiyadan sonra mümkün olur. Transplantasiya olunan xanımlarda hamilə qalmaq və ana olmaq şansları böyrək xəstəliyi olmayan xanımlar ilə demək olar ki, eynidir. Böyrək transplantasiya əməliyyatından bir il gözləmə müddətindən sonra qəbul olunan preparatlarda dəyişiklər olunur və hamiləlik planlanlaşdırılır. Sevindirici hal ondan ibarətdir ki, artıq bizim ölkədə böyrək və qaraciyər transplantasiyadan sonra iki və hətta üç uşaq dünyada gətirən xanımlar var".
Mütəxəssis qeyd edib ki, böyrəklərin xroniki xəstəliyinin yaranmasının səbəbləri müxtəlifdir:
"Böyrəklərin fəaliyyətini pozan və xroniki iltihablaşmasına gətirən hansısa bir xəstəlik böyrəklərin xroniki xəstəliyinə səbəb ola bilər. Bu, ilk növbədə dünyada ən çox rast gəlinən xəstəliklərdən olan şəkərli diabet və onun ilkin fəsadlarından sayılan diabetik nefropatiyadır. Yüksək arterial təzyiqin nəticəsində yaranan hipertenziv nefropatiya fərqli tipli xroniki qlomerulonefritlər, kəskin gedişatlı vaskulitlər və başqa birincili və ya ikincili autoimmun xəstəliklərə aiddir. Xroniki pielonefrit, böyrək daş xəstəliyi və başqa müxtəlif səbəbli olan xroniki sidik yollarının infeksiyaları zamanında düzgün müalicə olmadığı təqdirdə böyrəklərin xroniki xəstəliyi ilə nəticələnə bilər. Böyrəklərin polikistoz xəstəliyi və Alport sindromu kimi bəzi irsi patologiyalarda fəaliyyətinin pozulmasına gətirir. Əlavə olaraq, neftoksik təsiri olan dərman preparatlarının düzgün olmayan qaydada qəbulu da xroniki böyrək xəstəliyi ilə nəticələnə bilər. Qeyd olunan xəstəlikləri mövcud olan və ən önəmlisi həkim nəzarətində olmayan insanlar risk qrupunda olanları təşkil edir.
Əfsuslar olsun ki, əksər hallarda başlanğıcda ciddi bir şikayətlər müşahidə olunmur və bir qrup xəstələrdə çox irəli mərhələdə böyrək çatışmazlığı aşkar olunur. İlkin simptomlar kimi arterial təzyiqin yüksəlməsi və aşağı ətraflarda ödəmlərin olmasını qeyd etmək olar. Əlavə olaraq, günlük sidiyə getməkdə dəyişiklər, gecələr tez-tez getmə və ya getmə zamanı yanma, göynəmə olması kimi şikayətlər əmələ gəlir. Halsızlıq, iştahsızlıq, ürəkbulanma, təngnəfəslik, qaşınma və aşağı ətraflarda olan qicolmalar kimi simptomlar daha sonrakı mərhələdə olan xəstələrdə müşahidə olunur.
Bütün xroniki gedən xəstəliklərdə olduğu kimi, böyrək xəstəlikləri də mümkün olduğu halda tez aşkar olunarsa, müalicə daha qısa müddətli və daha effektiv olur. Öncə qeyd etdiyim kimi, bu xəstəlik qrupu bir çox hallarda simptomsuz keçə bilir və zamanında aşkarlanması üçün profilaktik müayinələrdən keçmək tövsiyə olunur.
Bunlar sadə və hər bir tibb müəssisəndə aparılan müayinələrdir, iki ildən bir sidiyin ümumi analizi, qanda kreatinin, sidik cövhəri, sidik turşusu kimi maddələrin təyini və nahayət böyrəklərdə mövcud olan problemi USM ilə ilkin mərhələdə təyin etmək mümkün olur".
Həkim qeyd edib ki, son mərhələ böyrək çatışmazlığı diaqnozu qoyulan xəstələr canlı qohum donor olduğu təqdirdə dializ müalicəsinə başlamadan da transplantasiya oluna bilərlər:
"Bu, preemptif böyrək transplantasiya adlanır. Son araşdırmalara görə, bu tip əməliyyatlarda fəsadlaşma ehtimalı daha nadir, xəstə və orqan qalması nəticələri isə daha uzunömürlü olur. Əlavə olaraq, xəstələrin reabilitasiya dövrü də qısa və sürətli olur. Son illərdə bizim ölkədə preemptif transplantasiya olunan xəstələrin sayının artığı hiss olunur və demək olar ki, ümumi əməliyyat olunanların artıq 20-25% faizini təşkil edir".
Elnur Fərəcov deyib ki, böyrəklərin sağlamlığını qorumaq üçün sağlam həyat tərzi, çəkiyə diqqət olunması, duzlu qidaları mümkün olduğu halda az qəbul olunması və bol miqdarda təmiz su qəbulu mütləqdir.
"Unutmayaq ki, fiziki aktivlik bütün vücuda olduğu kimi, böyrəklərin sağlamlığına da faydalıdır. Ayrıca qeyd etmək istəyirəm ki, qəbul olunan bəzi preparatlar, ağrıkəsici kimi, uzunmüddətli istifadə zamanı nefrotiksik təsirləri olduğu üçün mütləq qaydada böyrək göstəriciləri nəzarə alınraq qəbul olunmalıdır".