Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Diabetin erkən aşkarlanmasında laborator müayinələrin əhəmiyyəti

  • 2020.10.26 10:55
  • 3760 Baxış
Diabetin erkən aşkarlanmasında laborator müayinələrin əhəmiyyəti

Endokrinoloq Dr. Şəbnəm Əlirzayeva “Diabetin erkən aşkarlanmasında laborator müayinələrin əhəmiyyəti” barədə danışıb.

Şəkərli diabet – orqanizm tərəfindən yaradılan insulinin kifayət qədər olmaması və ya onun təsir effektinin pozulması nəticəsində meydana çıxan, qanda şəkərin yüksəlməsi ilə xarakterizə olunan xroniki endokrin xəstəlikdir. Bu xəstəliyin əsas xüsusiyyətlərindən biri odur ki, erkən mərhələdə özünü göstərmir, orqanizmdə gizli gedir. Onu adətən qanın və sidiyin ümumi analizində müəyyən edirlər.

Prediabet bu sağlam bədən və diabet arasında bir sərhəddir. Prediabet aşkarlanan insanlar 2-ci tip şəkərli diabet riski altındadır. Bu prediabetik vəziyyət təhlükəli olmasına baxmayaraq, tamamilə müalicə edilə bilər. Elmi-tədqiqatlar göstərir ki, xroniki ağırlaşmalar diabetdən əvvəlki mərhələdə artıq inkişaf etməyə başlayır. Diabet diaqnozu qoyulduğu zaman orqan zədəsi artıq mövcuddur və qarşısını almaq mümkün deyil.

Buna görə də xəstəliyin vaxtında aşkarlanması vacibdir. Prediabet, 1-ci və 2-ci tip şəkərli diabetin diaqnozu kliniki simptomların, xəstə haqqında toplanmış anamnezin (məs., ailədə diabetə meyillik, hamiləlik zamanı qlikemiyanın pozulması) və laborator müayinələrin nəticələri əsasında qoyulur. Şəkərli diabetin müəyyən edilməsində “Diabetik profilli” laborator analizin əhəmiyyəti böyükdür. Diabetik profilli müayinələrə HbA1C, Qlükoza, C-peptid, Qlükoza-tolerant testi, Qlükoza, Fruktozamin və İnsulin müayinələri daxildir.

Qlikohemoqlobin – hemoqlobinin qlükoza ilə birləşməsidir və son 3 ayda olan qlükozanın orta səviyyəsini göstərir. Bu həm diaqnostikada, həm də şəkərli diabetin müalicəsinə nəzarət etmək üçün ən dəqiq və zəruri testdir.

Oral qlükoza tolerant testi nə zaman aparılır?: əgər aclıq qan şəkəri və qlikohemoqlobin arasında və ya klinik simptomlarla qanın laborator müayinəsinin nəticəsi arasında uyumsuzluq olarsa diaqnozu dəqiqləşdirmək məqsədilə şəkər yükləmə testinə müraciət olunur. Eyni zamanda hamiləlik zamanı diabetin aşkarlanması üçün bu müayinənin aparılması əhəmiyyətlidir.

Özünüzdə susuzluq, ağızda quruluq, heç bir səbəb olmadan arıqlama, zəiflik, dəridə qaşınma əlamətləri hiss etdikdə mütləq diabet profilli laborator müayinədən keçməlisiniz. Əgər sizdə şəkər aşkar edilərsə, mütləq keçmiş həyat tərzinizi yenidən nəzərdən keçirin – özünüz üçün düzgün həyat tərzini müəyyənləşdirin. Bu, şəkəri normal səviyyəyə qaytarmaq və diabetin qarşısını almağın yeganə yoludur.

Qeyd edim ki, “Diabetik profilli” laborator müayinələr həkim tərəfindən təyin olunmalıdır.