Alimlər 10 il ərzində toplanmış məlumatları təhlil ediblər.
Medicina.az xəbər verir ki, kişilərdə qadınlara nisbətən diabetin ağırlaşması riskinin daha yüksək olduğu aşkar edilib.
Avstraliyanın Sidney Universitetinin alimləri tərəfindən aparılan araşdırmada 1-ci və 2-ci tip şəkərli diabetdən əziyyət çəkən kişilərin qadınlara nisbətən xəstəliyin fəsadları ilə qarşılaşma ehtimalının 51 faiz daha çox olduğu bildirilib.
45 və daha yuxarı yaşda olan 25 713 diabet xəstəsindən 10 il ərzində toplanmış məlumatları təhlil edən araşdırmaçılar nəticələri “Journal of Epidemiology & Community Health”də dərc etdiriblər.
Araşdırmadakı xəstələrin demək olar ki, yarısı 60-74 yaş arasında olub. Qrupdakıların 14 min 697 nəfərini kişilər, 11 min 16 nəfərini isə qadınlar təşkil edib.
Araşdırmaya görə, qrupdakı kişilərin 44 faizi şəkərli diabetin səbəb olduğu ürək-damar xəstəliyi, 57 faizi isə göz xəstəlikləri ilə üzləşib. Qadınlarda bu nisbətlər müvafiq olaraq 31 faiz və 61 faiz olub.
Eyni zamanda, kişilərin 25 faizində ayaq promlemləri, 35 faizində isə diabet səbəbiylə böyrək xəstəlikləri meydana gəlib.
Qadınlarda eyni ağırlaşmaların nisbətləri müvafiq olaraq 18 faiz və 25 faiz təşkil edib.
Tədqiqat göstərib ki, ümumilikdə, kişilərin şəkərli diabetin yaratdığı ürək-damar xəstəliklərinə tutulma ehtimalı qadınlara nisbətən 51 faiz, ayaq problemlərindən əziyyət çəkmə ehtimalları 47 faiz, böyrək xəstəliyinə tutulma nisbətləri isə 55 faiz daha çoxdur.
Alimlər kişilərin həyat tərzində dəyişiklik etmə, profilaktik dərmanlar qəbul etmə və ya sağlamlıq müayinələrinə getmə vərdişlərinin qadınlara nisbətən daha zəif olduğunu və fərqlərin də bundan qaynaqlana biləcəyini bildiriblər.
Tədqiqatçılar, məqsədyönlü müalicələrin inkişaf etdirilməsi üçün kişi və qadınlar arasındakı xəstəlik fərqlərinin səbəblərini daha ətraflı araşdırmaq lazım olduğunu qeyd ediblər.
Aysel