Toksinlər həm orqanlarda gedən metabolik proseslər zamanı istehsal olunur, həm də qida vasitəsilə orqanizmə daxil olur. Detoks-orqanizmdə istehsal edilən və ona daxil olan zərərli toksinlərdən xilas olmaq üçün aparılan tədbirlərdir.
Medicina.az AzərTac-a istinadən xəbər verir ki, detoks orqanizmi təkcə zərərli maddələrdən təmizləmir, həm də qocalmağa və xəstəliyə səbəb olan sərbəst radikal və toksinlərdən azad edir. Fizioloji tarazlığı bərpa edən detoks toxumalardakı toksinləri qan və limfa sistemi, orqanizmə daxil olan digər zəhərli maddələri isə bağırsaqlar vasitəsilə xaric edir. Detoks orqanizmdəki mayelərin qatılaşmasının qarşısını alır və su balansını qoruyur.
Gün ərzində yorğunluq, halsızlıq, gözaltı nahiyədə tünd ləkə, qəbizlik, ürəkbulanma, mədədə narahatlıq, dildə və ağızın selikli qişasında əmələ gələn yaralar, sızanaqlar, həddən artıq və xoşagəlməz qoxulu tərləmə, ödemlər, artıq çəki, dırnaqlarda qırılma və ağ ləkə, quru, qırılan və tökülən saçlar, siqaret çəkmə, içki içmə, mövsüm dəyişikliyi, ağır zehni fəaliyyət detoks üçün göstəriş olan hallardır. Həmin hallar müşahidə edilən hər kəs üçün detoks məsləhətdir.
Hamilə və süd verən qadınların, qanazlığı, yüksək təzyiq, ürək-damar, şəkərli diabet kimi xəstəlikləri olanların, uşaqların, ağır fiziki işdə işləyənlərin, sağlamlıq problemi olan yaşlıların, mütəmadi dərman qəbul edənlərin detoks etməsi məsləhət deyil.
Detoksun bir neçə forması var. Total-məhdud qidalanma yalnız su, çay və meyvə-tərəvəz şirələri ilə aparılır. Prosedur ildə 1-2 dəfə ən azı 5 gün və ən çoxu 21 gün davam edir.
Bazis məhdud qidalanma mədə turşusunun ifrazını artıran qidalardan imtina ilə aparılır. İldə bir neçə dəfə ən azı 7 və ən çoxu 21 gün aparılır.
Tək istiqamətli qidalanma sadəcə maye və bərk halda olan bişməmiş qidalar yeyilməsi ilə aparılır. Davamlı olaraq həftədə 1 gün yerinə yetirilir.
Tam aclıq həftənin bir günü qidalanmamaqla aparılır.
Detoks zamanı şaftalı, ərik, limon, nar, portağal, avokado, manqo, böyürtkən, yaşıl çay, bal, yağsız pendir, vanil, cobanyastığı, lavanda, hil toxumu, itburnu, adaçayı, darçın, zəncəfil, mixək, qaragilə, limon yarpağı dəmləmələri, qatıq, yerkökü şirəsi ən səmərəli qidalar hesab edilir.