Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dərman qəbul edənlərin nəzərinə: oruc tutarkən bunlara diqqət etməsəniz...

  • 2024.03.13 12:01
  • 1061 Baxış
Dərman qəbul edənlərin nəzərinə:  oruc tutarkən bunlara diqqət etməsəniz...
Bir sıra xroniki xəstəliklərdən əziyyət çəkənlərə Ramazan ayında oruc tutmamaq tövsiyə olunur. Ancaq xəstəliyi yüngül olanlar həkimlərin məsləhətinə əməl etməklə oruc tuta bilərlər.

Medicina.az xəbər verir ki, Türkiyənin məşhur həkimləri xəstə olduğu halda oruc tutmaqda israr edənlərə bununla bağlı məsləhətlər verib.

Ürək-damar cərrahı, professor Cengiz Köksal xəstələri fərdi şəkildə qiymətləndirdiyini, “hər xəstə oruc tuta bilməz” deməyin doğru olmadığını bildirib. Həkim qeyd edib ki, yaşlı, şəkərli diabet, yüksək təzyiq kimi xroniki xəstəlikləri olanlar oruc tutarkən dərmanlarını buna uyğun tənzimləmələridirlər:

“Uzun müddət aclıq və susuzluqla əlaqədar olaraq təzyiq düşə bilər. Odur ki, təzyiq xəstələrində dərmanların dozasını da tənzimləmək əhəmiyyət kəsb edir”.

Cengiz Köksalın sözlərinə görə, oruc zamanı orqanizm bir müddət susuz qaldığı üçün bu vəziyyət sidikqovucu dərman istifadə edənlərə daha çox təsir edir:

“Su və mineral itkisi ilə bağlı şikayətlər yaranır. Bütün bunlara görə, sidikqovucu dərmanların istifadəsi həkimin məsləhəti ilə dayandırıla bilər. Ancaq dərmanın istifadəsi məcburidirsə, onu imsakda yox, iftarda qəbul etmək olar”.

Həkim qeyd edib ki, qan durulaşdırıcı dərmanlardan istifadə edənlər də diqqətli olmalıdırlar:

“Xüsusilə də ürək qapağı əməliyyatı keçirmiş xəstələr Ramazan ayı boyunca müəyyən aralıqlarla təhlillər verib bu dərmanın dozasını həkimlə yenidən müəyyən etməlidirlər. Çünki uzun müddət davam edən aclıq və susuzluqla qanda əvvəllər görünməmiş dəyişikliklər baş verəcək. Qan dəyərləri yüksək, qanaxma aşağı olarsa, ürək qapağında laxtalanma meydana gələ bilər”.

Ürək və şəkər xəstələrinin də həkimlə məsləhətdən sonra oruc tutmalı olduğu diqqətə çatdırılıb. Bu barədə kardiologiya uzmanı Dos. Dr. İsmail Polat Canbolat bildirib ki, həkimlər xəstələri üçün xüsusi qidalanma və dərman planı hazırlaya bilərlər:

“Şəkərli diabet xəstələrinin qan şəkərini nəzarətdə saxlaması çox vacibdir. Həkimin tövsiyə etdiyi dərmanlardan mütəmadi istifadə etmək və qan şəkərini tez-tez ölçmək vacibdir. Siqaret çəkməyin. Stressdən uzaq olun. Lazım gələrsə, səhər dərmanlarını sahurda, axşam dərmanlarını isə iftarda qəbul etmək olar. Bütün bunlara diqqət edən xəstələr Ramazanı problemsiz şəkildə başa vura bilərlər”.

Nefrologiya üzrə uzman Dr. Bilal Görçin isə bəzi böyrək xəstələrinin əsla oruc tutmamalı olduğunu vurğulayıb:

“Birinci və ikinci fazada olan böyrək xəstələri həkimin qidalanma və dərman qəbulu ilə bağlı verdiyi tapşırıqlara əməl etmək şərti ilə oruc tuta bilərlər. Lakin dördüncü və beşinci, yəni dializ mərhələsində olan xəstələr oruc tuta bilməzlər”.


Aysel