Orqanizmə daxil olan dərmanları zərərsizləşdirən orqan qaraciyərdir.
"Medicina" xəbər verir ki, hepatoloq həkim Tofiq Əkbərov uzun müddət çox dərman qəbul etməyin hətta hepatitə səbəb olacağını deyib:
"Xəstə uzun müddət ərzində və yüksək dozalarda qəbul edirsə, qaraciyər funksiyalarını tam şəkildə yerinə yetirməyə çatdırmır. Nəticədə ziyanlı maddələr zərərsizləşdirilmir və qaraciyərdə yığılaraq orqanın hüceyrələrini dağıtmağa başlayır. Bu isə, hepatitin inkişafına səbəb olur.
Hepatitin bu forması "dərman hepatiti" adlandırılır. Dərman hepatiti qaraciyər çatışmazlığı və qaraciyər sirrozu kimi ağır pozulmalara səbəb ola bilir. Xəstəliyin bu formasına tez-tez rast gəlinir.
Əgər insan hər hansı xəstəliyə görə uzun müddət ərzində dərman qəbul edirsə (xüsusilə eyni zamanda bir neçə dərman), bu, hepatitin inkişafı riskini artırır. Belə insanlar vaxtaşırı olaraq hepatoloqun müayinəsindən keçməli, lazım olan analizlər verməli (qaraciyər sınaqları və s.) və zəruri olduqda qaraciyərin bərpası üçün müəyyən müalicə almalıdırlar.
İnsanların əksər hissəsi baş, diş, əzələ və s. ağrılar zamanı həkimlə məsləhətləşmədən müxtəlif dərman preparatları qəbul edir. Bu heç də təhlükəsiz deyil. Həkimin təyini olmadan dərman preparatları (hətta bitki mənşəli preparatları) qəbul edən insanlarda, özü-özünü müalicə ilə məşğul olan insanlarda hepatitin inkişaf etmə riski artmış olur".
Aygün Musayeva