Artıq bir neçə aydır ki, dərman preparatlarının qiymətində kəskin artım müşahidə olunur.
Bu gün Azərbaycanda dərmanların qiyməti qonşu Türkiyə və Rusiya ilə müqayisədə dəfələrlə bahadır. Türkiyədə 20 manata olan dərman preparatı Azərbaycanda 50-60 manata satılır. Üstəlik qiyməti baha olsa da, dərmanların keyfiyyəti aşağıdır. Nisbətən ucuz, lakin keyfiyyətli dərman prepartaları isə satışdan yığışdırılıb.
İqtisadçı ekspert Rəşad Həsənov Bakupost.az -a açıqlamasında deyib ki, ölkədə dərman preparatlarının qiyməti Tarif Şurası tərəfindən tənzimlənir:
"Azərbaycanın bütün apteklərində dərmanlar eyni qiymətə satılır. Tarif Şurasının qərarına əsasən, idxal edilən dərmanların ölkəmizdəki satış qiymətləri ölkəyə daxil olarkən sahibkarın üzərinə düşən xərcdən 14-40 faiz arasında yuxarı ola bilər. Yəni 5 manata başa gələn dərman maksimum 40 faiz, 100 manata başa gələn dərman isə 14 faiz baha satıla bilər. Azərbaycan özü dərman istehsal etmir.
Daxili tələbatın 99,6 faizini idxal hesabına ödəyir. Bu da dərmanların istehlakçılara çatırılmasında əlavə xərclər yaradır. Nəqliyyat xərcləri kifayət qədər xərc yükü formalaşdırır. Bu xərclər Azərbaycanda tətbiq olunan vergi sistemi ilə əlaqəlidir. İndiki şərtlər daxilində yeganə tutarlı əsaslandırma, dərman təchizatı bazarında təməküzləşmiş iqtisadi mövqeyə malik şirkətlərin iştırakçılığı məsələsidir. Bu, bazarda təklifin limitləndirilməsinə, kartel sözləşmələrinə, qiymətlərin diktə edilməsinə, optimallaşma istiqamətində imkanları formalaşdıran fəaliyyət mühitinin pozulmasına gətirib çıxarır. Bazardakı inhisarçılıq faktiki olaraq qiymətlərin bu qədər kəskin fərqlənməsinə səbəb olur. Hesab edirəm ki, bazarda 99,6 faizlik asılılıq varsa, vergi güzəştləri tətbiq olunmalıdır”.
İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, dərman preparatlarına tətbiq edilən ƏDV və rüsumlar azaldılmalıdır:
"Xaricdən gətirilən mallara rüsum o vaxt yüksək ola bilər ki, o məhsul ölkəmizdə istehsal olunsun. Azərbaycanda isə dərman istehsal olunmur. Bu gün Azərbaycana idxal edilən dərman preparatlarına görə ödənilən yüksək rüsum vətəndaşların cibindən çıxır. Əgər rüsumlar azaldılarsa, dərman şirkətlərinin də xərci azalmış olar. Nəticədə dərman preparatlarının dolayı yolla alınıb ölkəmizə gətirilməsinə ehtiyac qalmaz".
Sevinc
BakuPost