Daim cavan və təravətli görünmək hər qadının arzusudur. Ancaq gündəlik işlər, yorğunluq, stress bu görüntüyə sahib olmağa mane olur. Bəzən üz dərisində problemlər artıq cavan yaşdan başlayır. Bunun üçün xanımlar bir sıra kremlərdən, maskalardan istifadə etməyə başlayırlar.
Mövzu ilə bağlı
Medicina.az –a açıqlama verən kosmetoloq Mehriban İbrahimova, üzə qulluğa yetkinlik yaşından başlamağın vacibliyini deyib.
"Yetkinlik yaşında üzdə bir sıra ləkələr yaranmağa başlayır. Bəziləri getsə də, bəziləri uzun müddət dəridə qalır. Bu da cavanlarda narahatlıq hissi doğurur. Bu ərəfədə ağır olmasa da, bitki tərkibli kremlərdən istifadə etmək gərəkli ola bilər.
27 yaşdan sonra isə üzə artıq peşəkar mütəxəssis yanında baxım lazımdır. Çünki bu yaşdan sonra kollagen elastinlər zəifləməyə başlayır. Bunun üçün terapiya kimi kollagen tərkibli vitamin komplekslərindən istifadə etmək lazımdır. Yüngül masajlar tətbiq edilməlidir”.
İbrahimova, bəzən edilən yanlış maskalardan da bəhs edərək məsləhətlər verib: "Bəzi xanımlar erkən yaşlarından dəriyə qulluq etməyə başlayırlar. Bu normaldır. Ancaq tətbiq ediləcək maskalara diqqət etmək lazımdır. Çünki dəri növündən və həssaslığından asılı olaraq istifadə ediləcək maska və kremlər dəyişir”.
Şəhanə Quliyeva