Son günlər ölkədə intiharların sayının artdığı müşahidə olunur. Nəzər yetirsək, görərik ki, intihar edənlərin əksəriyyəti cavanlardır.
Buna misal olaraq, noyabrın 21-22-sində Naftalanda 1998-ci il təvəllüdlü E.Süleymanov özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihara cəhd edib, Milli Aviasiya Akademiyasının ikinci kurs tələbəsi Əli Əbilov həyatına son qoyub, Qaradağ rayonu, Sahil qəsəbə sakini 14 yaşlı A.Məmmədova özünü yaşadığı binanın doqquzuncu mərtəbəsindən atıb, Ağdaş rayonun Yuxarı Ləki kəndində Vətən müharibəsi iştirakçısı Ü.İsgəndərovun yaşadığı evdə özünü asıb.
Bunlar sadəcə son iki gündə baş verən intiharlardır. Deməli, ölkədə hər gün 3-4 cavan intihar edir.
Bəs insanı hansı hallar özünə qəsd həddinə gətirə bilər? Cəmiyyət bu bəladan necə xilas olmalıdır?
Medicina.az xəbər verir ki, Məşədi Dadaş Məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənlinin fikrincə, həyatı onun çətinlik və problemləri ilə sevmək, onlarla mübarizə aparıb daha da təkmilləşmək, inkişaf etmək insanın əsas məqsədlərindən biri olmalıdır:
“İntihar dünyada olan qlobal bir problemdir. İntihar çox vaxt sosial məsələlərlə bağlı olmur, yəni maddi rifah səviyyəsi çox yüksək olan ölkələrdə də intiharların sayı çoxdur.
Düşünürəm ki, intiharı daha çox psixoloji və mənəvi səbəblərlə əlaqələndirməyimiz düz olar. Gənclərin intihar etməsi isə onlarda həyat haqqında düzgün təsəvvürün olmaması və mənəvi boşluqdan qaynaqlana bilər. Bu, eyni zamanda tərbiyə ilə də bağlıdır. Valideynlər həyat haqqında övladlarını düzgün formalaşdırmağa borcludurlar. Bəzən insanların xəyalları ilə reallıqlar uzlaşmayanda sarsıntı keçirirlər və intihar kimi hallara əl atırlar.
İnsanın varlıq fəlsəfəsi tərbiyə prosesində aşılanmalıdır. Düzdür, çətinliklərlə dolu bir dünyada yaşayırıq. Lakin hər bir insanın yaşayışının bir məqsədi, hədəfi olmalıdır. Dünyanı ideallaşdırmaq, dünya həyatından gözləntilərin həddən artıq çox olması ən ciddi yanlışlıqlardan biridir. Həyatı onun çətinlik və problemləri ilə sevmək, onlarla mübarizə aparıb daha da təkmilləşmək, inkişaf etmək insanın əsas məqsədlərindən biri olmalıdır”.
Hacı Şahin vurğulayıb ki, inanc və imanın bu məsələdə ciddi rolu var:
“İnsan ən çıxılmaz situasiyalarda belə ümidini itirməməlidir. Din bizə başa salır ki, qüdrətli və rəhimli Allah var. Hər bir şəraitdə biz ona arxalanmalıyıq. İstənilən vəziyyətdən çıxış yolu var. Bizim uğursuzluqlarımız bəzən böyük uğurlarımızın müqəddiməsi olur. İnsan bu çətinliklər mərhələsindən keçmədən inkişaf edə bilməz. Hər bir insanın daxilində gizli istedad və potensial var. Dünyada ona görə mövcuduq ki, inkişaf edək, mənəvi baxımdan kamilləşək və bu kamillik yolu çətinliklərdən, sınaqlardan keçir.
Sınaq təkcə yoxsulluq deyil, eyni zamanda zənginlik də sınaqdır. Bir sözlə, sınaq meydanındayıq və bu həyatı müsbət yaşamaq kifayət qədər əsaslarımız var. Ən əsası bizi sevən, qayğı göstərən Allahımız var və Allaha arxalanaraq, sığınaraq həyatın çətinliklərinə sinə gərə bilərik. Təəssüflər olsun ki, əyləncənin daha çox olduğu bir mühitdə düşüncə işığının söndüyü zaman bu kimi hallar daha çox geniş yayılmağa başlayıb.
Bəli, Azərbaycan dünyaya inteqrasiya edir, amma bunun mənfi təsirləri də olur. Bəzən yanlış bir mədəniyyətin təsirinə məruz qalırıq. Bu kimi məsələlərdə cəmiyyətin mənəvi immunitetini təmin etmək üçün dəyərlərimizə bağlanmalıyıq. Bu dəyərlər mücərrəd anlayışlar deyil, həyatda öz praktiki təsdiqini tapa biləcək anlayışlardır. Əgər biz dəyərlərimizlə yaşasaq, həyatdan zövq ala, inkişaf edə bilərik və heç bir vəziyyətdə bədbinliyə qapılmarıq. Quranda bir çox hekayələr var. Məsələn, Hz Yusif haqqında Quranda danışılır ki, quyunun dibində olarkən belə sarsılmadı, Allahdan ümidini itirmədi və Allah onu quyunun dibindən çıxarıb Misirin şahı dərəcəsinə ucaltdı. Burada insanlara mesajlar var ki, ən çıxılmaz vəziyyətlərdə çıxış yolu axtarmaq, ruh düşkünlüyünə düçar olmamamq və ümidini itirməmək lazımdır”.
İlahiyyatçı bildirib ki, insanlarda bu fikri aşılamaq uçun ciddi tədbirlər görmək lazımdı:
“İntellektual səviyyəsi yüksək olan insanlar, ziyalılar, din xadimləri bu proseslərdə iştirak etməlidir. Xatırlayıram ki, cəzaçəkməmə, təhsil müəssisələrində Dini Qurumlar üzrə Dövlət Komitəsilə birgə din xadimləri bu mövzularla bağlı tədbirlər keçirirlər. Həmçinin televiziyalarımızda ailələrə ailə dəyərlərini aşılaya bilən verilişlərin olması, düzgün tərbiyə ilə bağlı maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Kompleks tədbirlər görülməli, yəni dövlət qurumları, bu istiqamətdə addımlar atmalı, cəmiyyət də bu kimi məsələlərdə səfərbər olmalıdır”.
Milləti bu dərin quyuya kimlər salıb? Bunu da ilahiyyətçi açıqlasa bəlkə onunla razılaşmaq ola.