Yayda kosmetik vasitələrdən istifadə edilməsi dəriyə təsirsiz ötüşmür. Xüsusilə gündəlik makiyaj günəşin şüaları ilə reaksiyaya girib dəriyə mənfi təsir göstərir.
Medicina.az xəbər verir ki, bu barədə Azərtac-a məlumat verən Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova deyib: "Günəşin ultrabənövşəyi şüaları dəriyə ziyan vurur. Ondan qorunmaq üçün günəşdən qoruyucu kremdən və vasitələrdən istifadə etməyə zərurət yaranır. Günəş şüalarının təsiri fotoqocalma verir, dəridə quruluq əmələ gətirir, xırda qırışlara və allergik reaksiyalara səbəb olur”.
Onun dediyinə görə, dəri tipinə uyğun nəmləndirici və ya qidalandırıcı kremdən istifadə edilməlidir. Bir neçə dəqiqə sonra günəşdən qoruyucu krem çəkilməli və onun üzərindən kosmetik vasitələrdən istifadə etməklə makiyaj tamamlanmalıdır”.
Makiyajın dəridən silinib təmizlənməsində daha çox nəm salfetlərdən istifadə olunması barədə həkim-kosmetoloq deyib: "Dəri yağlıdırsa, spirtli-nəmli salfetdən, quru və normaldırsa, adi nəmli salfetdən istifadə tam rahat şəkildə istifadə etmək olar. Günəş şüaları dəridə quruluq yaratdığına görə nəmli salfetlə üzün silinməsi balansın dəyişilməsinə mane olur”.