Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Deputat Qənirə Paşayeva vəfat etdi

  • 2023.09.28 21:06
  • 2873 Baxış
Deputat Qənirə Paşayeva vəfat etdi
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Məlumat üçün bildirək ki, Paşayeva Qənirə Ələsgər qızı 1975-ci ildə anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.

Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı olub. Bununla bərabər, Milli Məclisin Mədəniyyət komitəsinin sədri vəzifəsində çalışıb. “Nobel mükafatlı qadınlar”, “Tarixə adını yazan qadınlar”, “Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən” və “Səndən sonra” kitablarının, “Bülbül kimi gül aşiqi” adlı məqalənin sahibidir.