Son vaxtlar cavan adamların yüksək qan təzyiqi səbəbindən dünyasını dəyişməsi faktlarına tez-tez rast gəlinir. İki gün əvvəl millət vəkili Əsabil Qasımovun 29 yaşlı oğlu da İsveçrədə məhz təzyiqinin yüksəlməsi nəticəsində rəhmətə gedib.
Təzyiq xəstələrinin çoxalması və bunun ölümlə nəticələnməsi daha çox məlumatsızlıqla bağlıdır. İnsanlarımız çox vaxt təzyiqin yüksək olmasına xəstəlik kimi baxmır və bunun necə riskli olduğundan xəbərsizdir.
Medicina.az-ın əməkdaşı məsələnin aktuallığını nəzərə alıb, məşhur kardioloq, Kardiologiya İnstitutunun sabiq baş həkimi, professor Əhməd Babayevlə bu barədə danışıb. Həkim xəstəliyin geniş yayılmasının səbəbləri, riskləri, fəsadlardan qaçma yolları və müalicəsi ilə bağlı çox faydalı fikirlər söyləyib, tövsiyələrini verib.
Həmin fikirləri təqdim edirik:
Təzyiq xəstələrinin 50 faizi xəstəliyindən xəbərsizdir
Keçən əsrin ortalarından başlayaraq ürək-damar xəstələrinin dünya üzrə sayının xüsusən də iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə artması danılmaz faktdır. Ürək-damar sistemi xəstəliklərinin sayının artması yeni əsrdə də davam etməkdədir. Belə ki, çox geniş yayılmış ürək-damar sistemi xəstəliklərindən biri də, hipertoniyadır. Bu xəstəliyin əsas əlaməti arterial təzyiqin yüksək olmasıdır. Hər təzyiqi yüksək olan hipertoniya xəstəsi deyil. Başqa xəstəliklər zamanı da arterial təzyiqin artması müşahidə edilə bilər. Buna simptomatik hipertoniya deyilir. Simptomatik hipertoniya ola bilər ki, aortanın xəstəlikləri zamanı da təzyiq yüksəlir. Hipertoniya xəstəliyi isə arterial hipertenziyadır.
Geniş maarifləndirmə işlərindan danışanda biz arterial hipertenziyanı nəzərdə tuturuq. Çünki xəstənin təzyiqinin yüksək olmasından danışırıq.
Dünya üzrə olan statistikaya görə, arterial hipertenziyası olan xəstələrin 50%-i təzyiqlərinin yüksəkliyindən xəbərsiz olurlar. Onların da yarısı, yəni 25 %-i müalicə olunmur. Bu xəstələrin yarısı, yəni 12.5%-i isə həkimin təyini elədiyi müalicəni daimi qəbul etmirlər.
Təzyiq niyə yüksəlir?
Təzyiqi qaldıran bir sıra risk faktorları mövcuddur. Onlardan birincisi stressdir. Daha sonra artıq çəki, siqaret çəkmək, alkoqol qəbulu, xörək duzundan həddən artıq istifadə, gecə yuxusu kimi amillər aid edilir.
Finlandiyada dövlət səviyyəsində 27 il bundan əvvəl aparılmış bir araşdırmanı diqqətə çatdırmaq istəyirəm. Proqram çərçivəsində bütün sənaye müəssisələrinə kolbasa, pendir, yağ kimi ərzaq məhsullarının istehsalında duzun miqdarı azaldılmasına göstəriş verildi. Sonrakı tədqiqat göstərdi ki, Finlandiyada əhalinin təzyiqi 10% aşağı düşüb. Bu, böyük göstəricidir. Bizdə çörəklər, xüsusən də təndir çörəkləri də çox duzlu bişirilir.
Təzyiqin qalxdığını necə bilək?
İnsanlar təzyiqin yüksək olmasının əlamətlərini bilməlidir. Bu əlamətlərdən ən birincisi baş ağrısıdır. 2-cisi baş gicəllənməsidir. Tənginəfəslik, hava çatışmazlığı bu əlamətlərə aiddir. İnsan bəzən başı ağrıyan zaman hər hansı bir baş ağrısı dərmanı atır və ya gec çörək yediyinə görə başı ağrıdığını düşünür. Belə olduqda ilk əvvəl təzyiqə diqqət yetirilməlidir. Bu zaman təzyiq ölçülməlidir.
Təzyiqi yüksək olan şəxslər isə təzyiqlərini mütəmadi olaraq ölçməlidirlər. Biz adətən tövsiyə edirik ki, səhər yuxudan durandan yarım saat sonra - qida qəbul etməmiş təzyiq ölçülsün. Təxminən günorta saat 3-4 arası təkrar ölçülsün və bir də yatmazdan əvvəl də ölçülsün. Bunun həkim üçün müalicə seçimində rolu böyükdür. Çünki həkim dərmanları təyin edərkən çalışır ki, sutka ərzində xəstənin təzyiqi normal olsun. Biz buna sutkalıq monitorinq deyirik. Ev şəraitində təzyiq hansı zamanlar artırsa müəyyən edilərək həkimə bildirilməlidir. Əgər ehtiyac varsa o zaman medikamentoz müalicə də təyin edilməlidir.
Təzyiq necə salınmalıdır?
İndi təzyiqi aşağı salan dərmanların çeşidi çoxdur. Çünki elm inkişaf edir, xəstəliyin inkişaf mexanizmi və təzyiq əmələ gətirən səbəblər kardiologiya elminə bəllidir. Bu səbəbləri aradan qaldıran bir çox dərmanlar mövcuddur. Onlardan geniş istifadə edilir. Amma dərman müalicəsinə qədər xəstələr ümumiyyətlə insanlar düzgün həyat tərzi keçirməlidirlər.
Dərman, yoxsa düzgün həyat tərzi?
Düzgün həyat tərzi dedikdə siqaret çəkməmə, içki içməmə, vaxtında yatmaq, artıq çəkidən qurtulmaq, qidalanmaya fikir vermək, vaxtlı vaxtında gəzintiyə çıxmaq nəzərdə tutulur. Biz kardioloqlar insanlara 1 gün ərzində 5 km piyada gəzməyi tövsiyə edirik. Bu həm artıq çəkini azaldır, həm də orqanizmin gün ərzində məruz qaldığı stressi aradan qaldırır, həm də təzyiqin aşağı düşməsində faydalıdır.
Bu sahədə maarifləndirmə çox zəifdir
Etiraf etməliyik ki, bu sahədə maarifləndirmə işi çox zəifdir. Həkimə müraciət edildikdə insana tibb işçiləri bir sıra məlumatlar verirlər. Kütləvi İnformasiya vasitələrində bu haqda az məlumatlar verilir.
Niyə hipertoniya cavanlaşıb?
Hipertoniya xəstəliyi dünya statistikasına görə cavanlaşıb. Əvvəllər 50-60 yaşlı insanlarda rast gəldiyimiz xəstəliklər indi 30-35 yaşlarında insanlarda tapılır. Bunun səbəbi gənclərdə artıq çəkinin, stressin çox olması, həmçinin də siqaret və alkoqol istifadəsidir. Fas-foodların orqanizmə zərərli olduğunu bütün dünya təsdiqləyir. Həmçinin də energetik içkilər də eyni dərəcədə orqanizmə mənfi təsir göstərir. Bu içkilər damarları daraldaraq təzyiqi qaldırır. Gənclər təəssüf ki, bu içkilərdən çox istifadə edirlər. Gənclər düzgün həyat tərzi keçirsələr, o zaman sağlam orqanizmə sahib olarlar.
Qan təzyiqi yüksək olan diqqətli olsunlar
Təzyiqi yüksək olan xəstələrə biz bir sara məsləhətlər veririk. Məsələn, istirahətə gedən zaman onlar kardioloqla məsləhətləşməlidirlər. Yüksək dağlıq ərazi ümumiyyətlə, ürək-damar və təzyiq xəstələri üçün böyük riskdir. Söhbət o mühitdə yaşayan insanlardan getmir, bu həmin mühitə öyrəşməyənlərə aiddir. Hami bilir ki, dağlarda oksigenin miqdarı azdır. Bunun nəticəsində də orqanizmdə hemoqlobinin səviyyəsi artır. Dağ adamlarının yanaqlarının qırmızı olması havanın oksigeninin az olmasına verdiyi reaksiyadır. Sovet maşınları ilə dağa qalxan zaman bir müddət sonra onun mühərrikinin dayandığını müşahidə etmək mümkündür. Bunun səbəbi də havada oksigenin az olmasıdır. Buna görə də ürək-damar xəstələrinə dağ kurortlarında istirahət etmələri məsləhət deyil. Belə insanlar daha sakit, dənizkənarı zonlarada istirahət etməlidirlər.
Arzu, Azər
Medicina.az