Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Deputatdan COVID-19 pasportuna etiraz: Bu infeksiyadan qorumağın yoludurmu?!

  • 2021.09.13 14:04
  • 1033 Baxış
Deputatdan COVID-19 pasportuna etiraz:  Bu infeksiyadan qorumağın yoludurmu?!
Milli Məclisin deputatı Nigar Arpadarai Azərbaycanda bir çox yerlərdə COVID pasportunun tələb edilməsinə tənqidi yanaşıb.

Medicina.az xəbər verir ki, millət vəkili bununla bağlı bir sıra suallar qaldırıb.



O, COVID pasportunun tətbiqinə şübhə ilə yanaşdığını ifadə edib:

“Azərbaycanda pandemiya ilə mübarizə sahəsində çox işlər görülüb. Son bir il yarım ərzində dövlət xəstəxanalara, avadanlıqlara, dərmanlara böyük vəsait ayırıb. Peyvəndləməyə də erkən başlanılıb. Bunlar təqdirəlayiqdir!

Amma indiki mərhələdə bir sual yaranır- COVID pasportunun tətbiqinə ehtiyac varmı? Azərbaycanda hal-hazırki məhdudiyyətlər epidemioloji, iqtisadi və hüquqi baxımdan məqsədəuyğundurmu?! COVID virusunu öncə keçirmiş, antikoru olan insanlardan peyvəndi təsdiq edən sənəd (COVID pasportu) tələb edilməlidirmi? Axı bu insanlarda yenidən yoluxma ehtimalı demək olar ki, sıfıra yaxındır (bunu beynəlxalq araşdırmalar göstərir). Peyvəndi artıq virusu keçirmiş birinə sərf etmək heç bir praktik nəticə verməyən, enerji, pul və vaxt itkisidir, səhiyyə sisteminə yükdür.

Üstəlik, Azərbaycanda peyvənd olunanların və virusa yoluxanların (antikor olanların) sayı çoxdur. COVID pasportunun yoxlanması ticarət mərkəzlərində və restoranlarda insanları infeksiyadan qorumağın yoludurmu?! "Vaksin olunanlar xəstəliyi daha asan keçirir" arqumenti var, amma COVID pasportu olanlar belə digərlərini yoluxdura bilər, ona görə bu məhdudiyyətin "kollektiv fayda" məntiqi mövcud deyil, çünki peyvəndlənmiş insan özü xəstəliyi asan keçirsə belə digərlərini yoluxdurur".

N. Arpadarai əlavə edib ki, peyvənd olunmuş insanlar da xəstələnirlər:

"Bu, o deməkdir ki, restorana gələn hər kəsin əlində COVID pasportunun olması sizin yoluxmamağınız demək deyil. Amma iqtisadiyyat və biznes sahələri bundan əziyyət çəkir. Zənnimcə, indi daha önəmli sual budur - COVID -19 virusuna yoluxmaların davam etdiyi bir zaman səhiyyə sistemimiz təzyiq altında işləməyə öyrəşdimi?

Bu suallar ölkədə neçə adamın COVID pasportu sahibi olması sualından daha əhəmiyyətlidir. COVID pasportunun tətbiqinin məqsədəuyğunluğu isə məndə hələ də sual doğurur”.

Deputat həmçinin qeyd edib ki, Böyük Britaniya izdihamlı yerlərin girişində COVID pasport yoxlamaları tətbiq etmək planlarından imtina edib, Danimarkada isə bütün karantin məhdudiyyətləri ləğv olunub.