Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Demensiya dərmanları insult və infarkt riskini artırır

  • 2024.07.19 16:04
  • 1095 Baxış
Demensiya dərmanları insult və infarkt riskini artırır
Demensiya zamanı təyin olunan antipsikotik dərmanların insult, qan laxtalanması, infarkt, ürək çatışmazlığı, pnevmoniya və kəskin böyrək zədələnməsi riskini artırdığı açıqlanıb.

Medicina.az xəbər verir ki, bunu Mançester Universitetinin alimləri aşkarlayıblar.

Araşdırmanın nəticələri “British Medical Journal”da dərc olunub.

Elm adamları orta yaşı 82 olan demensiyalı 173 910 subyektin sağlamlığı və rifahı haqqında məlumatları təhlil ediblər. Tədqiqata diaqnoz qoyulduğu gün antipsikotik dərmanlar təyin edilmiş 35 339 xəstə haqqında da məlumatlar daxil edilib.

Neyroleptiklər və ya antipsikotiklər halüsinasiyaları və psixozun digər təzahürlərini aradan qaldıra bilən dərmanlardır. Düzgün seçilmiş antipsikotiklərin demensiya, delirium və qocalıq deliriyası olan xəstələrə qulluq və nəzarəti asanlaşdırdığına inanılır.

Məlum olub ki, antipsikotiklərin qəbulu böyrəklərin kəskin zədələnməsi riskini 1,7 dəfə, insult və venoz tromboemboliyası (dərin damar trombozu və həyat üçün təhlükəli olan ağciyər emboliyası) riskini 1,6 dəfə artırır.

Tədqiqatçılar həmçinin müalicənin ilk altı ayı ərzində antipsikotik dərmanların istifadəsinin hər doqquz xəstə üçün bir əlavə pnevmoniya hadisəsi, eləcə də hər 167 xəstə üçün bir əlavə infarkt ilə əlaqəli olduğunu təxmin edirlər.

Bundan əlavə, antipsikotik istifadəsi ürək çatışmazlığı, infarkt və yıxılma nəticəsində sınıq riskinin artması ilə əlaqələndirilib.

Alimlərin fikrincə, nəticələr antipsikotik istifadənin yanlış təsnifatı kimi bəzi amillərin təsiri ilə bağlı ola bilər.

Aysel