“Delta” ştammı bütün dünyaya qadağaları qaytarır
Koronavirusun “Delta” ştammının sürətlə yayılması dövlətlərin virusa qarşı məhdudiyyətlərə yenidən qayıtması ilə nəticələnir.
Qvineya millisi koronavirus səbəbindən Olimpiya Oyunlarında iştirakdan imtina edib. Ölkə hökuməti idmançıların sağlamlığının onlar üçün medaldan daha vacib olduğunu açıqlayıb.
Vesti.ru xəbər verir ki, eyni zamanda, Fransa koronavirusun “Delta”nın yayılması səbəbindən yeni məhdudiyyətlər tətbiq edib.
Artıq peyvənd sənədi və ya mənfi PCR testi olmadan restorana, kinoteatra, muzeyə və hətta stadiona girmək qadağandır.
Son bir həftə ərzində xəstələrin sayı 150 faiz artıb. Bir neçə min Fransa vətəndaşı ötən gün maskasız və sosial məsafəni gözləmədən sanitar pasportlara qarşı çıxdı.
ABŞ-da yoluxmanın artması fonunda hər şəhər öz qaydalarını tətbiq edir. Məsələn, Yeni Orleanda qapalı məkanlarda maska taxmaq məcburiyyəti yenidən tətbiq edilir.
Almaniyada daşqından təsirlənmiş rayonlarda belə vaksinasiya mümkündür. Bu məqsədlə əraziyə xüsusi olaraq avtobuslar göndərilib.
Böyük Britaniya əsas məhdudiyyətlərdən imtina etsə də, qadağaların bir çoxu hələ də qalmaqdadır. Məsələn, işçilərin 20 faizi özünütəcridə riayət etməlidir. Bu səbəbdən mağazaların rəfləri boşalıb. Hər şeydən əvvəl alkoqollu içkilər və çörək alınıb. Yanacaq da daxil olmaqla təchizatla bağlı problemlər yaranıb. Bu səbəbdən onlarla yanacaqdoldurma məntəqəsi bağlanıb. Yerli mətbuatın bildirdiyinə görə, Britaniya hökuməti bu problemi yaxın 48 saat ərzində həll edə bilməsə, krallıq əsl kollapsla qarşılaşacaq.