Sağlam insandan fərqli olaraq bədəni zəif olanlarda vaksinin əmələ gətirdiyi qoruyuculuq daha zəifdir və müddəti daha qısadır.
Bu sözləri Publika.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, vaksin olunandan müəyyən müddət sonra qoruyuculuğu azalır.
“İlk günlərdə bəlli deyildi, amma əksər tədqiqatlar göstərir ki, bu, təxminən 6-8 ay sonra baş verir. Yanvar ayında başlanan vaksinasiyanın ilk mərhələsində risk qrupuna daxil olan insanlar və tibb işçiləri iştirak etdi. Çünki xroniki xəstəlikləri olan yaşlı insanlarda infeksiyanın ağır keçmə riski daha yüksəkdir. Artıq bu vaksinləmənin üzərindən müəyyən müddət keçib. Təbii ki, havaların da soyuduğunu nəzərə alsaq, onlarda immunitetin zəifləməsi müşahidə olunacaq.
Növbəti faktor odur ki, virus mutasiya etməyə davam edir.
“Delta” ştammının əvvəlki qoruyucu anticisimlərdən yayınma qabiliyyəti var. Belə olan halda ehtiyac yaranıb ki, risk qrupunda vaksindən sonra formalaşmış və vaxt axarında zəifləmiş immuniteti yenidən gücləndirək. Bunun üçün üçüncü - gücləndirici dozanın vurulması təklif olunur. Təbii ki, üçüncü dozanın vurulması təkcə Azərbaycanda yox, dünyanın əksər ölkələrində təklif olunur. Bu yolla risk qrupuna daxil olan həmin insanların yoluxaraq xəstələnməsinin və ya xəstəliyi ağır keçirməsinin qarşısı alınır”, - ekspert qeyd edib.
Həmin bildirib ki, koronavirus infeksiyasına qarşı üçüncü dozanın uşaqlara da aid olması hələ gündəmdə deyil:
“Uşaqların vaksin olunması hələlik tövsiyə xarakterlidir, müraciətlər azdır. Müəyyən vaxt keçməlidir ki, araşdırmalar olsun, ondan sonra bu məsələyə baxıla bilər”.