Koronavirusun sürətlə yayılan "Delta" ştammı ilə bağlı təhlükə hər gün artır. Artıq dünyanın bir çox ölkələrini cənginə alan yeni ştamm demək olar ki, qapımıza dayanıb. Rəsmi olaraq, açıqlanmasa da ekspertlər "Delta" ştammının artıq Azərbaycanda da olduğuna dair rəylər verilir. Bu isə insanları narahat edir. Əhali yenidən – avqust ayının sonuna doğru sərt karantinin, SMS-icazənin olacağını düşünürlər.
Bəs Azərbaycanda "Delta" ştammına yoluxma aşkarlanarsa, vəziyyət necə olacaq?
Medicina.az xəbər verir ki, mövzu ilə bağlı pediatr Vaqif Qarayev Bakupost.az -a bildirib ki, "Delta" ştammı daha yoluxdurucu olduğu üçün digərlərindən fərqlənir və bu, dövlətin, insanların həyatında ciddi problemlər yaradır:
"Hazırda ölkəmizdə yoluxma sayı aşağı enib. 3 ay bundan qabaq 32 min aktiv xəstə sayı vardısa, hazırda 800-ə düşüb. "Delta" ştammının yayıldığı ölkələrin statistikasına baxsaq, yoluxma sayının kifayət qədər yüksək olduğunu görərik. Məsələn, Rusiya və Gürcüstanda statistika yüksək olaraq qalır. Amma bu ölkələrdən aviareyslər açırlar. Düşünürəm ki, qonşu “yanırsa”, biz də evimizi qorumalıyıq.
Bu baxımdan yenidən sərt karantinin olması gedişatdan asılıdır. İnsanlar məhdudiyyətlərdən, qapanmalardan bezib. Bu, onlara həm fiziki, həm də psixoloji baxımdan böyük zərər vurub. Artıq 2 ildir dərslər normal qaydada keçirilmir. Əgər "Delta" ştammı yayılarsa, məktəblər “yanacaqsa”, o zaman əlbəttə, bağlanmalıdır”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev "Delta" ştammının avqustun ikinci yarısından etibarən Azərbaycanda yayılacağını düşünür:
“"Delta" ştammının Azərbaycanda yayılacağını istisna etmirəm. Karantin şərtləri yenidən sərtləşdiriləcək. Azərbaycan cəmiyyəti yenidən evdə otuzdurulacaq. Buna əmin ola bilərsiniz. Düşünürəm ki, avqustun ikinci yarısından ştamm adıyla bu prosesə başlanılacaq. Əlbəttə ki, bu da insanlar arasında etirazı daha da artıracaq”.