Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Dəli" ziyalılara ehtiyac var... - Həkim yazısı

  • 2021.02.02 10:55
  • 3540 Baxış
“Dəli" ziyalılara ehtiyac var... - Həkim yazısı

Ramil Həşimli
Carrah-Otorinolarinqoloq

Peyğəmbərimizə (s.ə.v.) istinad edilən bir ifadə var - "Savaşlardan birindən geri dönərkən "Kiçik cihaddan böyük cihada dönürük" deyir. Səhabələri ifadənin mənasını soruşanda, deyir ki, ən böyük mübarizənin nəfsə qarşı olan mübarizədir.
Hələ Qələbə günü yazmaq istəmişdim bunu, demək ki, indi zamanıdır.

Bir olduq, savaş meydanında qalib gəldik düşmənə və havadarlarına. Tək torpağımızı deyil, eyni zamanda namusumuzu-qeyrətimizi, vicdanımızı da təmizlədik xalq olaraq. Bəs sonra? Savaşın gedişində başladığımız bu birliyi davam etdirə bildikmi?! Əsl birlik, əsl mübarizə bundan sonra başlamalı deyildimi?

Bizi bizdən daha yaxşı tanıyan içli-dışlı düşmənlər bizdən fərqli olaraq boş dayanmırlar təəssüf ki. Birliyimizi pozmağın, içimizə təfriqə salmağın, ruhdan düşməmizin, etibarımızı itirməmizin, pəs etməmizin yollarını elə gözəl bilir, elə gözəl çalışırlar ki!
Evimizi yıxan əsas məsələ inamsızlığımızdır. Beynimizə 200 il "sizdən adam olmaz" fikrini elə yeridiblər ki, hələ də təsirindən çıxa bilmirik. "Zatən belə gəlib, belə də gedəcək" inancımızdan gözəlcə istifadə edirlər indi də...

Ya, dəyişə bilməzmi? Layiq deyilikmi dəyişikliyə? Mütləq sistematik olaraq əzilməliyikmi? Nə olar inana bilsək?! İdealist olaq demirəm, real baxsaq hadisələrə, bir az üfüqümüzü genişlətsək! Axı XALQ olduğumuz ən azından sınaqdan keçirdik, nəticəsini gördük 44 gündə.

Təkrar olacaq, amma yenə yazacam - əsas problemimiz ziyalı problemidir! Ziyalısı ziyasız qalıb, xalqını da ziyasız saxlayanda problemlər qatbaqat artır. Ziyalısı özünü "pis kişi" etmək istəməyəndə, "ağrımayan başına ləçək bağlamaq istəməyəndə", "məndən ötdü...", "nəmə lazım, ölərlər ölərəm, qalarlar qalaram" pinsipi ilə yaşayanda problemi artır xalqın.

Ziyalı demək ətrafına ziya saçmaq deməkdir, ziyalı olmaq məqamından (xalq artisti, şairi, müəllimi, həkimi, professoru və s.) istifadə edib oğul-uşağını vəzifələrə tıxamaq, gün-güzəran qurmaq demək deyil! Ziyalının başı bunlara qarışanda ziya verməli olduqlarının problemi artır. Hansı ki, nazirindən çobanına kimi boynunda haqqı var xalqın ziyalısının, "dəli adam" olmalıdır ziyalı!

Bu gün xalq olaraq əsas ehtiyacımız onlara, o cür "dəli adamlara"dır! Onlar çoxalarsa birliyimiz möhkəmlənər, dünənə kimi haqqına girdiyi şəhid və qazilərin canı-qanı hesabına azad edilmiş torpaqlara göz dikən, qaz vurub-qazan dolduracağı günü gözləyən məmur-oliqarx-monopolist yığını ortaya çıxmaz!

Məmuriyyət xalqa xidmət deməkdir! Bunu anlamayana anlatmaq, anlayışlı məmur yetişdirmək o "dəli adamlar"ın vəzifəsidir! Onlar öz boyunlarına düşəni etmədikcə, başları özlərinə qarışdıqca, ortaya da özləri kimi məmurlar çıxar! Başqa yerdən idxal edilməyib ki, hər biri birimizin qohumu, dostu, qonşusudur!

Klavye arxasında oturub yazmaq çox asandır deyəcəksiniz. İnanın ki, heç də elə deyil, düşünəndə ki, potensial persona non-qratalıq var işin sonunda. Amma, nə edək? Susaqmı, ya öz gözümüzdə heç bir çöp axtarmadan bitərəf döşəyəkmi bəzi dostlar kimi? Bumu oxumağımızın haqqı? İnsaf anlayışımız harada qaldı?

Allah şahid ki, kiməsə yarınmaq deyə bir niyyətim yoxdur! Real baxmağa, oxumağa çalışıram məsələləri. Allah böyüklərimdən əbədən razı olsun, həm genlərini ötürüblər, həm də oxudub-yetişdirib, əlimə hər şəraitdə ehtiyac duyula biləcək sənət veriblər! Amma, hər şeydən öncə vətənimə-xalqıma sevgi, dürüstlük, insan olmağı öyrədiblər!
Amma bu sevgi, dürüstlük hər şeyə laqeyd yanaşmaq, sadəcə müşahidəçi olmaq kimi ziyanlı “vərdiş”lərə yiyələnməyimiz üçün deyildi. Əksinə!

İnanın ki, problemin böyüyü özümüzdədir, özümüzük! Gəlin bir az da "pis kişi" olmağı öyrənək, xalqımıza, dövlətimizə sahib çıxaq! Şiddətlə inanır və ümid edirəm ki, dəyişə biləcəyimiz çox şey var. Yuxarıda yazdığım hədisdəki kimi böyük cihada bir an öncə başlamamız lazımdır, gec qaldıq belə.

Hadi, qəzamız mübarək! Allah birlik və bərabərliyimizi daim etsin, bunu pozmaq istəyənlərin oyunlarını başlarında çatlatsın. Ölkəmiz-dövlətimizin imzası imzalar içində hər zaman canlı və şanlı olsun! Yüksələn bayrağımız daim səmalarda dalğalansın! Amin!