Yaponiyanın Kioto Universitetinin alimlər qrupu "iPS" skrininqi əsasında innovativ yanaşmadan istifadə etməklə yan amiotrofik sklerozun (ALS) müalicəsində mühüm irəliləyiş əldə ediblər.
Medicina.az xəbər verir ki, onların 2019-cu ildə başlayan tədqiqatları bu xəstəliyə qarşı mübarizə aparmaq üçün potensial təsirli bir dərman olan "Bosutinib"in kəşfinə gətirib çıxarıb.
Xəstələrin dərisindən induksiya edilmiş kök hüceyrələrin artırılması və ALS patologiyasını modelləşdirmək üçün onların motor neyronlarına çevrilməsini əhatə edən klinik sınaqların birinci mərhələsi ümidverici nəticələr göstərib. Doqquz xəstədən beşində xəstəliyin inkişafında zəifləmə müşahidə edilib və bu, tədqiqatın ikinci mərhələsinə keçməyə stimul verdi.
26 xəstənin iştirak etdiyi sınağın ikinci mərhələsində 24 həftə ərzində "Bosutinib"dən istifadə edilib. Nəticələr göstərib ki, xəstələrin yarısının vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb - 26 nəfərdən 13-də xəstəliyin gedişatının zəifləməsi müşahidə olunub.
Qeyd olunur ki, bu məlumatlar ümidvericidir və dərmanların gələcək inkişafı üçün əsas ola bilər.