Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dedilər, guya qanımı təmizləyirlər, bütün pulum dərmanlara getdi - Gecəni təcili yardımda keçirən Naibə Allahverdiyeva

  • 2019.02.27 18:22
  • 10588 Baxış
Dedilər, guya qanımı təmizləyirlər, bütün pulum dərmanlara getdi -  Gecəni təcili yardımda keçirən Naibə Allahverdiyeva
Naibə Allahverdiyeva: Aktrisayam, milyarder deyiləm. Əlimdə nə pulum vardı, hamısını klinikalara, dərmanlara verdim. 

 



Bir müddətdir ki, Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problemlər yaranıb. Medicina.az aktrisanın səhhəti ilə bağlı Sputnik Azərbaycan-a müsahibəsini təqdim edir. 


- Başımda səs olduğu üçün özümü yaxşı hiss etmirdim. Həm də immunitetimi qaldırmağa ehtiyac vardı. Bunun üçün Bioloji Təbabət Klinikasına getdim, həkim sistem yazdı. Mən də evimizə yaxın olan "Funda" klinikasına müraciət etdim. Onlar "prob" qoymadan sistemlərimi vurdular. Maşına oturanda hiss elədim ki, çox pisəm. Artıq güclü ağrılar, qıcolmalar başlamışdı, sanki nəsə məni çalxalayırdı. Evə getdim, tək idim, qonşu harayıma çataraq təcili yardım çağırdı. Məni toksikoloji mərkəzə apardılar.


- Sizə müalicə yazan həkim kim idi?


- Hələ ki, bu haqda danışmaq istəmirəm. Həm də həkimin adını dəqiq bilmirəm. Nevropotoloq idi, mənə bir apteklik dərman yazdı. Biri deyir, mənim bu vəziyyətimə səbəb guya dərmanın köhnə olmasıdır. Dərmanların yarısını "Funda" klinikasından, yarısını isə başqa bir aptekdən almışdım. Preparatların yarısı Almaniya istehsalı idi. Nə bilim, nə deyim? Həkim deyiləm, tibdən də başım çıxmır. Amma bundan öncəki sistemlərin heç bir əks təsiri olmamışdı.


- Həkimlər nə dedi, o hala düşməyinizə səbəb nə idi?


- Özümdə deyildim, xəbərim olmadı. Epikrizdə dərmanların reaksiya verməsi barədə yazıblar.


- Bu hadisədən sonra sizə müalicə yazan həkimlə əlaqə saxladınız?


- Bəli, dedi ki, ola bilsin, dərman reaksiya verib. "Belə hallar o qədər olub" deyəndən sonra hələ mənə bir dərman almağı da tövsiyə etdi. Yaxşı ki, o dərmanı almamışdım.


- Səhhətinizdə başqa nə kimi fəsadlar oldu?


- O qorxunu yaşadığım üçün təzədən stresə düşdüm. Bədənimdə, böyrəklərimdə ağrılar yarandı. Ürəyimdə, belimdə ağrılar oldu. Bütün beynim, bədənim əsməyə başladı. Başgicəllənmə yarandı. Səhərədək böyrəklərimin ağrısından yata bilmirəm. Amma əvvəllər böyrəyimdə heç bir ağrı yox idi. Bunadək elə bir ciddi xəstəliyim olmayıb, sadəcə bir az təzyiqim vardı. Bu hadisədən sonra isə təzyiqim daha da qalxdı. Çünki çox həssas, tez depressiyaya düşən biriyəm. İndi hər axşam durduğum yerdə təzyiqim qalxır və bu, məni qorxudur. Bir də görürsən ki, təzyiqim 150-170 arasında olur. Deyirəm, yataram, gecə insult keçirərəm. Ona görə də, demək olar ki, hər axşam təcili yardımda oluram.


- Müalicə xərclərini qarşılaya bilirsiniz?


- Aktrisayam, milyarder deyiləm. Əlimdə nə pulum vardı, hamısını klinikalara, dərmanlara verdim. O klinikanın özündə müalicə üçün 700-800 manatadək pulum getdi. Dedilər ki, guya qanımı təmizləyirlər. Bütün pulumu dərmanlara verdim. Yenidən aparatlara girmək üçün pulum yoxdur. İnanın, stresin, depressiyanın içində qovuruluram, bütün günü küçələrdəyəm. Sakitləşmək istəyirəm. Ona görə çalışıram ki çox vaxt telefona da cavab verməyim. Bəzən evə də girə bilmirəm, o dəhşətli an gözümün qarşısından çəkilmir, qorxuram. Ətrafdakılardan eşidirəm ki, filan şəxs bu cür dünyasını dəyişib. Görənlər deyir ki, sən yaxşı qurtarmısan. Ölümdən qorxmuram, sadəcə olaraq heç nədən ölmək, əlil qalmaq istəmirəm. Əlil qalsam, heç kim mənə baxmayacaq...


- Xaricdə müalicə almağı düşünürsünüz?


- Pul bir yana, canım da əldən gedir. Ona görə düşünürəm ki, burda bu qədər pul töküb birtəhər olanadək, bir müddət sonra İran, ya Türkiyəyə getsəm, daha yaxşı olar.


- Tanışlarınızdan, sənət yoldaşlarınızdan diqqət, qayğı varmı?


- Heç kimdən nəsə gözləmirəm. Çünki hər kəsin öz problemi, dərdi var. Zəng edib mənimlə maraqlanırlar. Hətta Türkiyədən, İsraildən də tanımadığım adamlar da mənə zəng edir, səhhətimlə maraqlanırlar.


- Niyə xəstəxanada yatmağı düşünmürsünüz?


- Xəstəxanada yatmaq istədim. Lakin özəl klinikalar od qiymətinədir. Dövlət xəstəxanalarında isə milçək əlindən tərpənmək olmur, antisanitar vəziyyət baş alıb gedir. 5, 3 və 1 saylı Şəhər Klinik xəstəxanalarında olmuşam. Düzdür, o xəstəxanalarda mənə qarşı xoş münasibət göstəriblər. Lakin oradakı vəziyyət heç də ürəkaçan olmayıb.


- Deyəsən, həkimlərə inamınız ölüb?


- Elə deməzdim, yaxşı həkimlərimiz də var. Toksikoloji Mərkəzdə məni öz həkimlərimiz ayıltdı, 3 saat qulluğumda dayandılar. Onların səyi ilə özümə gəldim.


- Belə çətin günlərdə ən çox kim yanınızda oldu?


- Yoldaşım hər zaman yanımda idi. İndi də yanımdadır.


- Əsas istəyiniz nədir?


- Sadəcə istəyirəm, bir adam mənə desin ki, "bu həkimin yanına, bu klinikaya get, müayinə olun". Yaxşı həkim tapmaq və normal analizlər verərək böyrəyimdəki ağrıların, ayaqlarımdakı əsmələrin səbəbini öyrənmək istəyirəm. Bilmirəm nə edim.