Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.
Müraciətdə bildirilir:
“Əziz həmvətənlər! Məlum olduğu kimi, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına görə, bu il iyul ayının 1-dən qapalı məkanlarda 150, açıq havada isə 50 nəfərin iştirakı ilə toy şənliklərinin keçirilməsinə icazə verilib. Lakin aparılan yoxlamalar nəticəsində müəyyən edilib ki, bəzi hallarda qeyd olunan qərardan irəli gələn tələblər pozularaq toylarda icazə verilən saydan artıq qonaqlar iştirak edir, eləcə də mərasimlərə qatılan şəxslərin əksəriyyətinin vaksinasiya olunmalarını təsdiq edən COVID-19 pasportu hələ də yoxdur.
Daxili İşlər Nazirliyi övladına toy etməyi planlaşdıran vətəndaşlarımızı öncədən təbrik edir, eyni zamanda onlardan təşkil edəcəkləri toy və digər şənlik mərasimləri zamanı koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən bütün qərarlara, o cümlədən dəvət edilən qonaqların say məhdudiyyətinə, onların COVID-19 pasportuna malik olmaları tələbinə ciddi nəzarət və riayət etməyi xahiş edir.
Əks təqdirdə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə nəzarəti həyata keçirən aidiyyəti orqanlar qanunvericiliyin tələblərinə uyğun olaraq cəza tədbirləri görmək məcburiyyətində qalacaqlar”.