"2017-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmri ilə Davamlı tibbi təhsil sisteminin başlanğıcı qoyulub".
BakuPost Metbuat.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Rahim Əliyev "Peşəkar tibbi birlik və assosiasiyaların tibb elmi və ölkə səhiyyəsinin inkişafına cəlb edilməsi” mövzusunda keçirilən konfrans zamanı deyib.
Onun sözlərinə görə, Davamlı tibbi təhsil sisteminin məqsədi praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlərin bilik, bacarıq və peşəkar vərdişlərinin inkişaf etdirilməsidir. Davamlı tibbi təhsil ali tibb təhsilini təsdiq edən sənədin verildiyi gündən başlayır və həkimin peşəkar fəaliyyəti dövrü davam edir.
Rahim Əliyev bildirib ki, bugünkü tədbirin məqsədi peşəkar tibbi birliklərin və cəmiyyətlərin davamlı tibbi təhsil sisteminə inteqrasiyasını təmin etmək və bu cür tədbirlərdə iştirakını artırmaqdır.