Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dar və qurşaqdan olan şalvarlar: əynimizə cins yox, təhlükə geyinirik - MÜSAHİBƏ

  • 2018.10.30 14:23
  • 16516 Baxış
Dar və qurşaqdan olan şalvarlar: əynimizə cins yox, təhlükə geyinirik -  MÜSAHİBƏ
Müasir dəbdə çox yayılan geyim formalarından biri də dar və beli qurşaqdan olan şalvarlardır. Əsasən də yeniyetmələr arasında çox istifadə olunan bu geyim forması qızların olduğu kimi oğlanların da qarderobunda müəyyən yer alır. Müasir gənclər, həmçinin tələbələr, hətta uşaqlar bu şalvarları günün çox hissəsində istifadə edirlər. Hətta evdə də bu şalvarları dar, bədənə yapışan leggingslərlə əvəzləyirlər.  


Həkimlər son zamanlar gözəl göründüyü qədər də rahat olduğu düşünülən bu geyim formasının əslində orqanizm üçün bir çox fəsadlara yol aça biləcəyini qeyd edirlər. 


Medicina.az saytı bu barədə uroloq-ginekoloq  Aygün Səlimovaya suallar ünvanlayıb:


-Aygün xanım, son zamanlar geyimlərdə istifadə olunan dar, beli aşağıda olan cinslər yeniyetmələrdə və uşaqlarda hansı fəsadlara gətirib çıxara bilər? 


-Xüsusən də uşaq və yeniyetmə yaşlarında bu cür geyimlərdən istifadə etmək ilk növbədə çanaq boşluğunda yerləşən inkişaf etməkdə olan orqanların normal inkişafına mane olur. Bu orqanlara daxili və xarici cinsiyyət orqanları, eləcə də ifrazat orqanlarını aid edə bilərik. Qızlarda kiçik çanaq boşluğunda yerləşən uşaqlıq və yumurtalıqlar davamlı olaraq sıxılır və nəticədə orqanların qan təchizatı pozulur. Orqanlar inkişafdan qalaraq normal ölçüyə çatmır. Bu isə gələcəkdə qızların cinsi haytlarında ciddi problemlər yarada bilər. Qızlarda olduğu kimi oğlanlarda da eyni hal müşahidə olunur. Bütün gün boyu geyilən dar cins şalvarlar tesislərin (xayaların) qan dövranının pozulmasına, onların həddən artıq istilənməsinə, sürtülməsinə səbəb ola bilər. Bu isə kişi cinsi orqanlarının inkişafı üçün çox təhlükəli hesab edilir. Sadalanan hallar yaşandıqda gələcəkdə spermogenezdə (sperma yaranması) çox ciddi problemlər, buna bağlı olaraq da sonsuzluq müşahidə olunması mümkündür. 


-Elə yetkin şəxslər var ki, bu cür geyimlərdən hər gün istifadə edir. Hətta evdə də dar lasinlər və s. geyinirlər.  Bəs yetkin insanlarda dar geyimlər nə kimi problemlər yarada bilər?


-Təəssüf ki, hər gün işə gedib-gələn yetkin insanlar da rahat olduğunu önə sürərək bu cür geyimlərə üstünlük verirlər. Bütün günü insanın bu cür geyimdə olması təbii ki, daxili orqanların funksiyasını pozacaq. Əvvəl bura qasıq və aşağı ətraflarda müşahidə olunan sinir sıxılmasını aid etmək olar.

 

Bundan əlavə dar geyimlər limfastaz (limfa durğunluğu) və emboliya (qan durğunluğu) kimi hallara yol açır. Bu isə kiçik çanaq orqanlarına gedən qan və limfanın qarşısını alaraq toxumaların oksigensiz qalmasına səbəb olur. Bu hal uzun müddət davam edərsə, orqanların və toxumaların atrofiyasına (kiçilməsi) gətirib çıxara bilər. Davamlı olaraq orqanların sıxılması sonralar sonsuzluq, aybaşı pozulması, spermogenezin pozulması ilə nəcələnə bilər. Davamlı olaraq sürtünməyə məruz qalan xarici cinsiyyət orqanlarında isə mexaniki zədələr və hissiyyatsızlıq kimi hallar yaşanır. Sonradan bu cinsiyyət orqanlarında bakteriya və göbələklərin çoxalması üçün münbit şəraitə çevrilir. Həmçinin də uzun müddət sıxılma nəticəsində aşağı ətraflarda ödem (şişkinlik) yaranır ki, bu da əmək qabiliyyətini azalmasına səbəb olur. Çünki bu zaman ayaqlarda kəskin ağrılar və hərəkət məhdudluğu yaranır. 


-Bəs bu geyimlərdən çox istifadə edən şəxslərə nə məsləhət görərdiniz?


-Məsləhətim budur ki, həftə boyunca yalnız dar cins şalvardan istifadə etməsinlər. Həftənin bir neçə günü ətək, pambıq və ya yun parçadan tikilmiş şalvarlardan istifadə etsinlər. Bu həm daxili orqanların qan təhcizatının normallaşmasına, həm də bədənin nəfəs almasına kömək edəcək. Belə olduqda ayaqlarda olan ağrıların azaldığının, aybaşının və defikasiya aktının daha  rahat həyata keçdiyinə şahid olacaqlar. Əsasən də yetkinlik yaşına çatmayan qızlar və oğlanlar bu məsələyə ciddi yanaşmalıdırlar. Kənardan gözəl görünmək və dəblə ayaqlaşmaq istəyi gələcəkdə səhhətinizdə problem olaraq geri qayıtmasın deyə deyilənləri nəzərə almağınız məsləhətdir! 


Arzu

Medicina.az