Damarlarda xolesterolun yığılması, damarların daralması, damarlarda tromların əmələ gəlməsi çox ağır fəsadlara (ürək xəstəlikləri, infarkt, insult) səbəb olur. Təəssüf ki, bir çox hallarda damar problemləri özünü heç bir ciddi simptomla büruzə vermir və insan onda bu problemlərin olmasından uzun müddət ərzində bixəbər olur. Bu çox təhlükəli vəziyyətdir.
Qeyd edək ki, bütün dünyada ürək-damar sistemi xəstəlikləri ölüm səbəblərinin arasında 1-ci yer tutur. Adətən insanlar yaşa dolduqca damarların daxilində piyə bənzər maddə (xolesterin) yığılmağa başlayır ki, bu da damarları daraldır, zəif və kövrək edir. Belə insanlarda damarın tam tutulması və ya partlaması nəticəsində yuxarıda adı çəkilən xəstəliklərin riski də artır.
Medicina.az xəbər verir ki, bəzi qida məhsulları damarları xolesterindən təmizləyir, damarları sağlam və cavan saxlamağa yardım edir. Bu hansı məhsullardır?
Dənli bitkilər
Bunlara arpa, yulaf yarması, qarabaşaq, kinoa, qəhvəyi düyü və s. aiddir.Onlar faydalı maddələr və qidalı liflərlə zəngindir. Qidalı liflər orqanizmə "süpürgə" kimi təsir edərək orqanizmdən ziyanlı maddələri və o cümlədən artıq xolesterini xaric edir.
Göyərti
Göyərtilər də müxtəlif vitamin, mikro- və makroelementlər və həmçinin qidalı liflərlə zəngindir.kərəviz, cəfəri, ispanaq, kahı kimi göyərtilər damar tıxanmasına xüsusi kömək edir.
Balıq
Balıq və balıq yağı damarlarda iltihabları azaldır və həmçinin orqanizmdə "yaxşı" xolesterinin səviyyəsini artırır. Xolesterin sağlam deyil məhz iltihablaşmış damarlarda yığılır, həmçinin "yaxşı" xolesterinin səviyyəsi yüksələndə "pis" xolesterinin səviyyəsi də azalır.
Zeytun yağı
Çoxsaylı araşdırmalar göstərib ki, zeytun yağı damarlarımız üçün ən faydalı məhsuldur. Zeytun yağını salatlara əlavə etmək çox faydalıdır.
İtburnu
İtburnu orqanizmin ən yaxşı "təmizləyicisi"dir. İtburnu dəmlıəməsi şəkərin səviyyəsini aşağı salır və bununla da damarlarda iltihabın yaranmasının riskini azaldır. (Məhz şəkər damarlarda iltihab yaradaraq damarlarda xolesterinin yığılmasına şərait yaradır.) Bundan əlavə itburnu C vitamini ilə zəngindir. C vitamini damarların divarlarını möhkəmləndirir, onların elastikliyini artırır, damarların partlaması riskini azaldır.