Üşümək ətrafımızdakı istiliyin anidən dəyişməsinə cavab olaraq ortaya çıxır. Dəri, damarlar və əzələlər koordinasiyalı olaraq yığılıb- açılır və isti dəyişikliyinə cavab verir. Bəs daim üşümək normaldırmı?
Medicina.az "ölkə.az"-a istinadən daim üşüyən və bu hissi keçirməyin 7 səbəbini oxucuları ilə bölüşür.
İnfeksiya xəstəlikləri
Xüsusən də qış aylarında soyuqdəymə, qrip, bronxit və sətəlcəm kimi xəstəliklərin ilk simptomu üşümə, titrəmə və qızdırma ola bilər. Düzgün müalicə olunmadıqda titrəmə və qızdırma orqanizmə daha ciddi ziyan vurur. Həkimin müayinəsi və düzgün müalicə nəticəsində üşümə kimi digər problemlər də həll olunur.
Anemiya
Üşümənin əsas səbəblərindən biri də qan azlığıdır. Qan azlığı əsasən qadınlarda üzə çıxır. Bunun səbəbi isə normal qidalanmama, sərt pəhrizlər, çox qan itirmək və ya həzm sistemindəki problemlər ola bilər. Müalicə olunmadıqca üşümə ilə başlayan halsızlıq, tez yorulma və ürək döyüntüsü kimi simptomlar daha da artır və insana mənfi təsir edir.
Hipoqlikemiya
Qanda şəkərin miqdarının çox azalmasıdır. Bu xəstəlik müalicə olunmasa, ürəkgetmə, beyin funksiyalarında dəyişiklik kimi zədələrə səbəb olur. Bundan başqa hipoqlikemiya düzgün qidalanmama və kökəlmə və diabet yaranma riskini artırır. Müalicə olunmayan hər üç nəfərdən birində 10-15 il sonra diabet xəstəliyi üzə çıxır.
Qalxanabənzər vəzi xəstəlikləri
Orqanizmdə metabolizmanı stabilləşdirən qalxanabənzər vəzinin sağlam işləməsi bütün sistemlər üçün faydalıdır. Bu vəzin çox və ya az işləməsi də üşümə ilə yanaşı daim yorğunluq hissi, saç tökülməsi, qəbzlik, kökəlmə kimi ciddi problemlər üzə çıxır.
Ürək-damar sistemi xəstəlikləri
Damarların tıxanması və digər problemlərdə xüsusən ayaqlarda və qollarda üşümə problemi üzə çıxır. Həkimə müraciət edib ürək-damar sistemini yoxlatmaq lazımdır.
Sinir sistemi xəstəlikləri
Sinir sistemi xəstələrində üşümə, hissizlik, hərəkətsizlik kimi simptomlar əzələ xəstəlikləri, skleroz və digər xəstəliklərin xəbərçisi ola bilər.
Dəri xəstəlikləri
Dəri xəstəliklərindən əvvəl üşümə, titrəmə kimi simptomlar üzə çıxır. Bu simptomları ciddi qəbul edib həkimə getmək lazımdır. Əks halda müalicə şansı azalır və xəstəlik daha da inkişaf edir.