Qıcolma tutmaları, yaxud bayılmalar həmişə patoloji olmur. Bəzən xəstələrdə bu vəziyyət fizioloji olaraq da baş verir. Məsələn: xəstə uzun müddət bayılır yaxud qıc olur, lakin ətrafı eşidir, hadisələri xatırlayır. Kiçik yaşlarda isə qarın ağrıları, avazıma, baş ağrıları, bayılma kimi görülə bilər və bu yaxınlarını həmişə təşvişə salır. Bu cür tutmalar qeyri-epileptik paroksizmal tutmalar kimi qiymətləndirilir və diaqnozun təsdiqlənməsi üçün EEQ , analizlər və kardioloji müayinələrə ehtiyac duyulur.
Medicina.az xəbər verir ki, nevroloq Samirə Məmmədovanın belə tutmaları əsl epilepsiyadan fərqləndirmək metodlarından danışıb və belə xəstələrlə necə davranmağı izah edib.
"Nə yazıq ki gənc qızlar arasında bu hal daha çox rast gəlinir. Səbəb isə ailədə çox əzizlənmə, yaxud hər hansı yorucu, uzunmüddətli psixoloji basqıdır. Bəzən fobiyalar da bayılmalara səbəb ola bilər. Bu tip xəstəliklərdə diaqnostikada əsas yeri yaxşı və düzgün toplanmış anamnez oynayır.
Anamnez toplayarkən, xəstəni müşayət edən şəxsin də xəstə barədə dediklərini nəzərə almaq lazımdır, yeri gəldikdə daim yanında olan və hadisələrin gedişatından daha çox xəbərdar olan şəxsin verəcəyi məlumatlara (hansı situatsiyada xəstəlik baş verir, necə və nə qədər davam edir və s.) ehtiyac duyulur.
Bəzən xəstələr epileptik tutmaları çox oxşar stimulyasiya edirlər. Bu halda tutmanın video qeydiyyatını istəmək, yaxud uzun müddətli video - EEQ müayinəsi aparmaq məqsədyönlüdür. EEQ müayinəsi zamanı təbii ki, normal EEQ və ya artıq edilmiş simulyant hərəkətlərə bağlı artefaktlar və tonik yığılmalara bağlı əzələ artefaktları görmək olar.
Müalicəsi
Təəssüf ki, bəzən xəstələr lazımsız yerə antikonvulsant müalicəsi almalı olur. Bu isə düzgün yanaşma olmadığına görə illərlə xəstənin tutmalarının davam etməsinə və orqanizmə nahaq yerə dərman maddələrinin daxil olmasına gətirib çıxarır. Son zamanlar praktikamda ailə durumuyla bağlı, yəni anlaşa bilməmək ucbatından belə durumlar yaranmasıyla çox rastlaşıram.
Müayinə və diaqnozun təsdiqindən sonra bu xəstələrlə söhbət etmək bəzən çox kömək edir. Bəzən ailə üzvlərinin köməkliyilə xəstənin bu durumdan çıxmasına nail olunur. Bir sözlə belə xəstələrə ailə üzvləriylə əlbir yardım etmək lazımdır. Psixoterapiya, bəzən plasebo effekti kimi hər hansı dərman vasitəsi təyini müalicədə əsas yer alır. Xəstələrə gündəlik aktivliklərə davam etməli olduqları anladılmalı və vəziyyətdən çıxmaq üçün ən böyük kömək onların özü tətərfdən olacağı izah edilməlidir.