Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.
Bu barədə Xəzər Televiziyasının aparıcısı Yusif Kərimli məlumat verib. O bildirib ki, bibisi Gülnarə Xəlilova ötən gün vəfat edib:
"Dünən yazıq bibi bizə söz verdi ki, 10 gün dözə bilsə virusa qalib gələcək. Amma 1 gün də olsa dözə bilmədi. Lənətə gəlmiş şəkər imkan vermədi. Özü neçə xəstə uşağı sağaltdı. Amma bu gün gözünü yumdu dünyaya. Biz səndən sonra kimdən yardım istəyəcəyik? Niyə belə tez təslim oldun virusa bibi? Sənin pozitivtiliyini kim verəcək bizə? Həmişə mənə möhkəm olmağı aşılayırdın, özün niyə möhkəm ola bilmədin!".
Xatırladaq ki, mərhum Mərdəkanda 26 saylı Birləşmiş şəhər Xəstəxanasında pediatr-həkim idi. Özünü evdə müalicə etməyə çalışıb, amma vəziyyətin düzəlmədiyini görüb, elə işlədiyi xəstəxanada da bir müddət müalicə olunub. Dünən axşam boğulma ilə Neftçilər Xəstəxanasına yerləşdirilib, elə orada da vəfat edib.