Konqo Demokratik Respublikasının Şimali-Kivu əyalətində “M pox”a 8 yoluxma halı aşkarlanıb.
Medicina.az xəbər verir ki, ölkə səlahiyyətliləri “M pox”un təkcə aşkar olunduğu şəhərlər üçün deyil, bütün dövlət üçün təhlükə yaratdığını bildiriblər.
Ölkənin Səhiyyə Nazirliyi bu il 7 min 396 “M pox”a yoluxma halının qeydə alındığını və xəstəlik səbəbilə 371 nəfərin öldüyünü açıqlayıb.
Cənubi Afrikada xəstəliyə yoluxma halları may ayında başlayıb. Diaqnoz qoyulan 16 nəfərdən üçüncüsü bu gün dünyasını dəyişib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “M pox”a yoluxmaların artmaqda davam etdiyini və bunun xalq sağlamlığı üçün təhlükə olaraq qaldığını vurğulayıb. Qeyd edilib ki, ilin əvvəlindən bu yana dünyada 3 100-dən çox yoluxma qeydə alınıb. Məlumata görə, təkcə may ayında 26 ölkədən 600-ə yaxın təsdiqlənmiş yoluxma faktı ÜST-yə bildirilib.
Qeyd edək ki, adətən heyvandan insana, nadir hallarda isə insandan insana yaxın təmas yolu ilə keçən virus bədəndə yüksək hərarət və qaşınma, səpki, titrəmə, baş ağrıları, əzələ ağrıları və halsızlığa səbəb olur. Əsasən uşaqları hədəf alan xəstəlikdə ölüm nisbəti təxminən 5 faizdir.
Aysel