Soyuqdəymə, qrip və ya sidik yollarının infeksiyaları nəticəsində beyin xaricində yaranan iltihab dağınıq sklerozun inkişafını sürətləndirə bilər.
Medicina.az xəbər verir ki, bunu Sauthempton Universitetinin alimləri müəyyən ediblər.
Nəticələr “Brain Communications” jurnalında dərc olunub.
İki il yarım ərzində alimlər dağınıq sklerozun ağır formalarından əziyyət çəkən 50 könüllünü müşahidə ediblər.
Bu, normalda insanı patogenlərdən (məsələn, viruslar, bakteriyalar, göbələklər) qoruyan immun sisteminin səhvən beyin və onurğa sütununda yerləşən neyronların miyelin (siqnal keçirici) qabıqlarına hücum etməyə və məhv etməyə başladığı xroniki xəstəlikdir.
Neyronlar arasında normal ünsiyyət olmadıqda, dağınıq sklerozun simptomları görünür - hərəkətlərin koordinasiyasının itirilməsi, əzələ zəifliyi, yorğunluq, başgicəllənmə, görmə problemləri, intellektual qabiliyyətlərin azalması, əzaların uyuşması, nitq funksiyasının pozulması.
Tədqiqatçılar beynə birbaşa təsir etməyən iltihablı xəstəliklərə daha çox meylli olan subyektlərdə dağınıq sklerozun daha sürətli irəlilədiyini aşkarlayıblar.
Onlar izah edirlər ki, iltihab kəskin respirator virus infeksiyaları (qrip, soyuqdəymə) və sidik yollarının infeksiyaları (pielonefrit, sistit) ilə xarakterizə olunur.
Araşdırma müəlliflərinin fikrincə, iltihab onurğa beynində sinir hüceyrələrinin itirilməsi ilə müşayiət oluna bilər ki, bu da dağınıq skleroz zamanı sağlamlığın pisləşməsinin əsas səbəbidir.
Aysel