"Çox işləmək bizi xəstə edir və kasıblaşdırır".
Medicina.az xəbər verir ki, bunu Nyu York Universitetinin professoru Uen-Cui Han deyib.
Onun sözlərinə görə, tədqiqatlar göstərir ki, çox uzun saatlar boyu işləmək depressiya və xroniki xəstəlik ehtimalını artıra bilər.
“PLOS One” jurnalında dərc olunan yeni araşdırma erkən yetkinlik dövründə gecə növbəsində işləyənlərin və ya əlavə işlərdə çalışanların orta yaşlarda depressiya və sağlamlığının pisləşməsi riski xeyli yüksək olur.
Tədqiqatın müəllifi olan Uen-Cui Han 30 il ərzində 7000 amerikalının iş qrafikini və yuxu rejimini araşdırıb.
İştirakçıların dörddə üçü 1960-cı illərdə doğulmuş amerikalı işçilər olub. Araşdırmada iştirak edənlərin yalnız dörddə birinin müntəzəm olaraq gündüz saatlarında işlədiyi anlaşılıb. Araşdırma çərçivəsində iştirakçılarla 22 yaşdan 50 yaşa kimi sorğular aparılıb.
Məlum olub ki, gündüz növbəsi ilə işləyən işçilərdən fərqli olaraq, gənc yaşlarında gecə növbəsi və ya əlavə işlərdə növbəli çalışanların yuxu problemi var və onlar 50 yaşına çatdıqda daha çox xəstəliklə üzləşir, depressiyaya düşürlər.
Özü də illər boyu çox uzun saatlar işləyən və məşğul iş mədəniyyəti zehniyyətini mənimsəyən Han 40 yaşına çatanda həkimi ona bioloji yaşının 60 olduğunu deyib. Bu da onu iş saatlarının uzunmüddətli sağlamlığa təsirini öyrənməyə vadar edib.
"Hazırkı iş mədəniyyətimiz bizi xəstə və yoxsul edir. İş bizə resursları toplamağa imkan verməlidir. Ancaq bir çox insanın işi bunu mümkün etmir. Onlar əslində zaman keçdikcə daha bədbəxt olurlar”, - o, NPR-ə verdiyi müsahibədə deyib.
Alim bu araşdırmanın işlərində fiziki cəhətdən yorğun və emosional olaraq tükənmiş hiss edənlərə xoşbəxt və sağlam həyat sürmələri üçün dəstək olacağını ümid edir:
“Bir çoxları deyə bilər ki, insanlar könüllü olaraq uzun saatlar işləmək istəyirlər, amma əslində belə deyil. Onlar hiss edirlər ki, iş mədəniyyətləri uzun saatlar işləməyi tələb edir, əks halda cəzalandırıla bilərlər. İşimiz gündəlik stresə çevrildikdə baş verənlər 30 ildən sonra qarşılaşa biləcəyimiz sağlamlıq problemlərinə təkan verir”.
Qeyd edək ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri də qeyri-kafi yuxunun şəkərli diabet, ürək xəstəlikləri və piylənmə kimi xroniki xəstəliklərin yaranma ehtimalını artıra biləcəyini açıqlayıb.
Aysel