XBB.1.5 iki müxtəlif Omikron subvariantlarının rekombinasiyası nəticəsində ortaya çıxıb. Bu subvariant RBD-də S486P mutasiyası mövcuddur. Bu mutasiya isə virusun ACE2 reseptoruna bağlanmasını artırır. Nəticədə virusun yoluxduruculuq qabiliyyəti və çoxalması sürətlənir.
"Medicina" xəbər verir ki, həkim-infeksionist Mədinə Abdullayeva rubrikasında “COVID-19-un yeni variantı olan XBB.1.5 barədə danışıb.
Ümumdünya Səhiyyə Təşkilatı XBB.1.5-i bu günə qədər olan viruslar arasında COVID-19-un ən yoluxucu variantı adlandırıb. XBB.1.5-in əsas əlamətləri boğaz ağrısı, burun tıxanıqlığı ilə yanaşı qızdırma, ciddi əzələ, bədən ağrısı, öskürəkdir. Hal-hazırda tək COVID-19 deyil, İnfluenza (qrip) və tənəffüs yolu ilə yoluxduran digər viral xəstəliklər də ciddi problem yaradır. Xüsusilə qeyd etmək istəyirəm ki, qrip (İnfluenza virusu) ağır fəsadlar yarada bilən bir xəstəlikdir.
Həkimin sözlərinə görə, qrip sonrası sinusit, otit, pnevmoniya kimi ciddi bakterial ağırlaşmalar da müşahidə olunur. Yaşlılar, şəkərli diabet, qaraciyər, böyrək çatışmazlığı olan, orqan transplantasiyası edilən xəstələr, ciddi immunsupresif müalicə alanlar (kimya müalicəsi, steroid və s.) COVID-19 və qrip infeksiyasının ağırlaşması üçün risk qrupudur. COVID-19 və qrip infeksiyasını kliniki olaraq bir-birindən ayırmaq mümkün deyil:
"Ona görə də üst tənəffüs yolu infeksiyası əlamətləri olan xəstələr mütləq testlərdən keçməlidir. Həkim tərəfindən müayinə olanaraq zamanında uyğun müalicə almalıdır. Qripdən qorunmanın ən effektif yolu isə peyvənddir. COVID-19, influenza və digər tənəffüs virusları hava-damcı yolu ilə yayıldığı üçün xüsusən qapalı yerlərdə maska taxaraq və əl gigiyenasına ciddi diqqət edərək özünüzü qoruyun".