Pediatr Elşən Tağıyevin sözlərinə görə, valideynlər uşaqların peyvəndlənmə prosesinin başlanmasına görə narahat olmamalıdır. Həkim bildirib ki, peyvəndin əks təsirləri çox azdır və nadir hallarda ortaya çıxa bilər. Pediatr xatırladıb ki, 19-cu əsrdə də insanlar təbii çiçək xəstəliyinə qarşı peyvənd vurdurmaq istəmirdilər, səbəb kimi göstərirdilər ki, peyvənddən sonra inəyə çevriləcəklər.
Odur ki, həkim valideynləri vaksinlə bağlı yayılmış əsassız şayiələrə inanmamağa çağırıb. Üstəlik, vaksinasiyadan yayınma pandemiyanın bir neçə il uzanmasına gətirib çıxa bilər.
Medicina.az xəbər verir ki, həkim publika.az-a açıqlamasında uşaqların da peyvənd olunmasının vacibliyini bildirib:
"Uşaqlar xəstəliyin yayılmasında əsas rol oynadığı üçün artıq 12-15 yaşlı yeniyetmələrin də peyvəndlənməsi zərurəti ortaya çıxdı. Bu yaşda olanların peyvəndlənməsi ona görə gecikirdi ki, peyvəndin uşaqlar üçün təhlükəsizliyi və effektiv dozası haqqında kifayət qədər məlumat və araşdırmalar yox idi. Artıq bu barədə aparılan tədqiqatlar başa çatıb.
Peyvəndin 12-15 yaşlı yeniyetmələrdə təhlükəsizliyi və effektiv immunitet yaratdığı müəyyən olunduqdan sonra vaksin vurulması qərarı verildi. Səhiyyə Nazirliyi və TƏBİB də müvafiq olaraq bu yaşda yeniyetmələrin peyvənd olunması haqqında qərar qəbul edib. Lakin burada çatışmayan cəhət odur ki, peyvəndlənmə yalnız bir mərkəzdə - Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir. Əgər peyvənd olunmaq istəyən yeniyetmələrin sayı çox olarsa, bu da sıxlığın və lazımsız növbələrin yaranmasına səbəb olacaq. Odur ki, peyvəndləmə yalnız bir mərkəzdə deyil, bir neçə mərkəzdə həyata keçirilməlidir.
İstənilən peyvəndlərdə əlavə təsirləri ola bilər. Nəinki peyvəndin, istənilən dərman preparatının əlavə təsirlərinin olması mümkündür. "Pfizer" mRNT tərkibli peyvənd olduğu üçün onda əlavə təsirlərə "Sinovac" və digər peyvəndlərə nisbətən daha sıx rast gəlinə bilər. Lakin bu, peyvənddən imtina etməyə əsas vermir. Çünki əlavə təsirlərə peyvənddən sonrakı 1-2 gün ərzində rast gəlinir və çox qısa müddətdə bu əlamətlər keçib gedir. Odur ki, peyvəndin əlavə təsirlərini bəhanə edərək ondan yayınmaq heç bir halda düzgün deyil.
Ümumiyyətlə, tək dərman deyil, digər dərman preparatları da 12 yaşdan yuxarı yeniyetmələrə artıq böyüklərə olduğu dozada təyin olunur. Peyvənd uşaqlara da elə dozada vurulmalıdır ki, effektiv antitel titri yarana bilsin və xəstəlikdən qoruya biləcək miqdarda olsun. Müəyyən olunub ki, 2 doza böyüklər və uşaqlar üçün eynidir. Buna görə də 12 yaşdan yuxarı yeniyetmələrə və böyüklərə iki doza peyvənd vurulması tövsiyə olunur".