Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusunun Uhan şəhərində daha bir ərzaq bazarında ortaya çıxmasına dair mülahizəni yoxlayır.
Medicina.az xəbər verir ki, Çin rəsmilərinin ötən il bildirdiklərinə görə, 2019-cu ilin 8 dekabrında ilk dəfə koronavirusa yoluxduğu təsdiqlənmiş və bununla bağlı “sıfırıncı xəstə” (patient zero) deyilən Çen adlı şəhər sakini koronavirus mənbəyi kimi adı hallanan “Huanan” dəniz məhsulları bazarında olmayıb.
Belə ki, adıçəkilən şəxs bu yaxınlarda Uhana baş çəkmiş ÜST ekspertlərinə valideynlərinin başqa ərzaq bazarında olduqlarını bildirib.
Bunu əsas götürən ekspertlər koronavirusun şəhərdə ilkin mülahizəyə nisbətən daha əvvəl heyvandan insana keçməsi və yayılmağa başlaması ehtimalını araşdırmağa başlayıb.
Belə ki, Çenin valideynlərinin koronavirus testləri mənfi nəticə versə də, həmin testlərin məhz nə vaxt verilməsi, anticimlərlə bağlı yoxlamanın aparılıb-aparılmaması bəlli deyil.
Hazırda ÜST ekspertləri ikinci bazarın hara olduğunu, 2019-cu ilin dekabr ayında aşkarlanmış başqa yoluxma halları ilə əlaqəsi olub-olmamasını aşkarlamağı nəzərdə tuturlar. Artıq ÜST və Çin ekspertləri həmin dekabr ayında qeydə alınmış 174 yoluxma halından bir qisminin şəhərdəki başqa ticarət məkanları ilə bağlı olduğunu təyin etsələr də, həmin yerlərin adları hələ də açıqlanmır.