Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Covid-19 peyvəndi vurduran ürək xəstələri daha uzun yaşayır

  • 2024.05.13 20:54
  • 595 Baxış
Covid-19 peyvəndi vurduran ürək xəstələri  daha uzun yaşayır
Covid-19 peyvəndi etdirən ürək xəstələrinin peyvənd olunmayanlardan daha uzun ömür sürdüyü aşkarlanıb.

Medicina.az xəbər verir ki, onların xəstəxanaya yerləşdirmə riski də təxminən 50 faiz azdır.

Əvvəlki araşdırmalarda Covid-19-un ürək-damar xəstəlikləri olan insanlara tətbiq edilməsinin təhlükəsiz olduğu aşkar edilmişdi.
Başqa bir araşdırma isə Covid-19 peyvəndlərinin ürək çatışmazlığı riskini 55 faiz və infeksiyadan sonra qan laxtalanma riskini 78 faiz azaltdığını göstərib.

11-14 may tarixlərində Portuqaliyada keçirilən Avropa Kardiologiya Cəmiyyətinin "Ürək Çatışmazlığı 2024" toplantısında təqdim edilən yeni araşdırmada isə peyvəndin bu xəstəlikdən əziyyət çəkən insanların gözlənilən ömür uzunluğuna təsirini göstərib.

Tədqiqatçılar Cənubi Koreyadan olan 18 və daha yuxarı yaşda olan 651 127 nəfərin tibbi nəticələrini təhlil ediblər. Bunun üçün Koreya Milli Sağlamlıq Sığorta Xidmətinin məlumat bazasından istifadə edilib.

Tədqiqata daxil olan insanların orta yaşı 69,5 olub. Covid-19 peyvəndinin iki və ya daha çox dozasını alanlar peyvənd edilmiş, ümumiyyətlə peyvənd olunmayan və ya bir doza alanlar isə peyvənd olunmamış kimi müəyyən edilib. İştirakçıların 83 faizi birinci kateqoriyada olub.

Daha dəqiq nəticə əldə etmək üçün tədqiqatçılar yaş, cins, sosial-iqtisadi vəziyyət və digər xəstəliklər kimi faktorlara əsaslanaraq iştirakçıları qruplaşdırıblar.

6 aylıq təqib müddətinin sonunda peyvənd olunmuş, ürək çatışmazlığından əziyyət çəkən xəstələrin hər hansı bir səbəbdən ölmə ehtimalının 82 faiz az olduğu müəyyən edilib. Bundan əlavə, onların ürək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilmə riski peyvənd olunmamış xəstələrə nisbətən 47 faiz aşağı idi.

Araşdırmanın müəlliflərindən biri olan Dr. Kyonq-Hyon Çan deyir ki, ürək çatışmazlığından əziyyət çəkənlər sağlamlıqlarını qorumaq üçün Covid-19-a qarşı peyvənd olunmalıdırlar.

“Bu, ürək çatışmazlığı xəstələrinin böyük bir populyasiyasında Covid-19 peyvəndinin effektivliyinə dair ilk təhlili təqdim edən və peyvəndin açıq faydasını göstərən ilk araşdırmadır”, - deyə o qeyd edib.

Digər tərəfdən, Dr. Çan tapıntıların bütün ürək çatışmazlığı xəstələri üçün etibarlı olmaya biləcəyini vurğulayır və əlavə edir:

“Vəziyyəti qeyri-stabil olan xəstələrdə peyvənd riskləri nəzərə alınmalıdır”.

Bundan əlavə, diqqətə çatdırılır ki, Cənubi Koreyada aparılan bu tədqiqatın nəticələri dünyanın digər yerlərindəki ürək xəstələrinə aid edilə bilməz. Araşdırmanın təqib müddəti də peyvəndin uzunmüddətli təsirlərinə işıq salmaq üçün kifayət deyil.
Bu səbəblərə görə, Covid-19 peyvəndi vurdurmaq istəyən xəstələr həkimləri ilə məsləhətləşməlidirlər.


Aysel