Ümumdünya Səhiyyə Təşkilatının həftəlik hesabatında Avropada COVID-19-dan ölümlərin əvvəlki həftə ilə müqayisədə 10 %, yoluxma sayının isə 7 % artdığı bildirilib.
Medicina.az xəbər verir ki, hesabata dünya və regionlar haqqında ətraflı məlumatlar daxil edilib: “2021-ci il noyabrın 1-dən 7-dək olan müddətdə dünyada yoluxmalarda 1 % artım müşahidə olunub və 3,1 milyondan bir qədər çox yeni yoluxma halı qeydə alınıb.
ÜST Avropa Bölgəsi əvvəlki həftə ilə müqayisədə bu həftə yoluxmanın 7 % artdığını, digər bölgələr isə azalma və ya sabit tendensiyaların olduğunu bildirib. Qlobal miqyasda, 48,000-dən çox yeni ölüm halı qeydə alınıb.
Təşkilatın rəsmisi Hans Kluqe keçən həftə verdiyi açıqlamada Avropada yoluxmaların artdığına diqqət çəkərək, yenidən rekord səviyyələrə yaxınlaşdığını deyib:
“Biz yenidən zəlzələnin ocağındayıq. Bu gün Avropa və Mərkəzi Asiyada hər bir ölkə yeni dalğa təhlükəsi ilə üz-üzədir və bununla mübarizə aparır. Avropa regionunda 53 ölkədə virusun hazırkı yayılma sürəti ciddi narahatlıq doğurur... Delta variantı Avropa və Mərkəzi Asiyada üstünlük təşkil etməkdə davam edir”.