Yeni il öncəsi COVİD-19-a yoluxma sayı 4000-dən yuxarı idi, amma bu say bayram və tətil günlərində 600-700 nəfərə endi.
Yoluxma sayının kəskin düşməsi müəyyən suallar yaranır və rəqəmlərin reallığı əks etdirməməsi barədə şübhələrə yol açır.
Medicina.az rəqəmlərin bu qədər düşməsinin səbəblərini araşdırıb.
Məlum olub ki, dekabrın 30-dan yanvarın 3-nə kimi bir çox özəl laboratoriyalar və COVİD-19 testi götürən klinikaların işləməməsi, personalın azalması, evlərdə ödənişli analizlərin götürülməməsi, eləcə də təcili yardım və poliklinikaların gücləndirilmiş yox, bayram rejimində çalışması, həmçinin insanların bayrama görə həkimlərə üz tutmaması test sayını kəskin azaldıb.
Nəzərə alsaq ki, TƏBİB-in statistikasında özəl laboratoriyalarda kovid testi verənlərin pozitiv cavabları da sistemə salınaraq hesablanıb, deməli, bu rəqəmlər insanların bayram günləri test verməmələrinin nəticəsidir. Nə qədər çox insan öz pulu hesabına test verirsə, bir o qədər yoluxma statistikası yüksəlir.
Azalmada insanların şəhərdən rayonlara üz tutması da az rol oynamayıb. Rayon və kəndlərdə isə testlərin az götürülməsi və cavabların 4-6 günə çıxması da məlumdur.
Ümumilikdə test sayında azalma da onu göstərir ki, bu günlərdə laboratoriyalara axın olmayıb.
Belə ki, dekabrın 22-si statistikada 15 mindən yuxarı test sayı göstərilibsə, yanvarın 5-i bu rəqəm cəmi 8435-dir. Bu isə iki dəfə az test deməkdir.
Statistika test sayına mütənasibdir. Az test az yoluxma faktı üzə çıxarır. Testlərin yarıdan çoxunun da insanların şəxsi istəyi və vəsaiti ilə keçirildiyini də üstünə gəlsək, deməli, yanvarın 6-dan sonra özəl laboratoriyalara axın olarsa, test sayı və yoluxma rəqəmi artacaq.
Digər tərəfdən insanlar yaxma testi yox, ucuzdur deyə, qandan antitel və İgM testi verərək, xəstəliyi keçirib keçirməməsini öyrənir. Bu analizlərin nəticələri isə sistemə daxil edilmir və bu insanlar xəstə kimi qeydə düşmür.
Ona görə də Azərbaycanda yoluxanların elan olunan rəqəmdən azı 2-3 dəfə çox olduğunu demək olar.