Son iki həftə ərzində Latviyada COVID-19-a yoluxma sayı səkkiz dəfədən çox artıb.
Medicina.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti üzrə Mərkəzin Yoluxucu Xəstəliklərin Risk Təhlili və Profilaktikası Departamentinin rəhbəri Yuri Perevoşikov söyləyib.
Bildirib ki, Avropada iki həftə ərzində koronavirusa yoluxma halları orta hesabla 14 faiz, Latviyada 172 faiz artıb. Eyni zamanda, bu müddət ərzində aparılan test müayinələrinin ümumi sayında müsbət nəticələrin payı Latviyada beş dəfədən çox artmışdır.
Y.Perevoşikov Latviyada COVID-19-a yoluxma hallarının yay ərzində, demək olar ki, eyni səviyyədə qaldığını, lakin son iki həftədə vəziyyətin dəyişdiyini qeyd edib. Onun proqnozlarına görə, yoluxma halları artmağa davam edəcək.
Bu səbəbdən də qabaqlayıcı tədbirlərin həyata keçirilməsi barədə müzakirələr aparılır.