Estoniyanın “Respiray” texnologiya şirkəti ultrabənövşəyi şüalarla havadakı virus və bakteriyaların 99 faizdən çoxunu öldürən təmizləyici cihaz istehsal edib.
Medicina.az Publika.az-a istinadən xəbər verir ki, cihazın ölkənin Təhsil Nazirliyinin dəstəyi ilə Estoniya və Polşa universitetləri ilə birlikdə hazırlandığı bildirilir.
Təhsil nazirinin müavini İndrek Reymand “Respiray” hava təmizləyicilərini vaksin, dərman və sosial məsafə ilə yanaşı, COVID-19 alətlər qutusunda yer alan bir element olaraq gördüyünü söyləyib: “Virusa qarşı sehrli çubuq yoxdur, ancaq bir sıra bu kimi səylər pandemiyadan çıxmağa kömək edir”.
Şirkət hava təmizləyicisinin tənəffüs termodinamikasına əsaslandığını - nəfəs aldığımız havanın böyük hissəsinin bədənin səthindən yüksələn hava axınlarından və ultrabənövşəyi işığın dezinfeksiyaedici xüsusiyyətlərindən qaynaqlandığını iddia edir.
Cihaz əlavə şəffaf üz qalxanına sahib plastik boyun qutusundan ibarətdir. Təxminən 8 saat davamlı batareya ilə işləyir. “Respiray”da hava əvvəlcə tozları və daha böyük hissəcikləri təmizləyən giriş filtrindən, daha sonra virusları və bakteriyaları məhv edən UV-C LED modulundan keçir.
Polşanın Lodz Universitetindəki sınaqlarda “E.coli” və “S.aureus” bakteriyalarında müvafiq olaraq 99,68 və 99,88% azalma olduğu müşahidə edilib.
Estoniyanın Tartu Universitetində aparılan araşdırma cihazın alfa virusunun zərərsizləşdirilməsində 99,4% effektivlik göstərdiyini ortaya qoyub ki, bu da universitetin Biotəhlükəsizlik Mərkəzinin rəhbəri Liane Virunun dediyinə görə, ölçüsü və quruluşu baxımından SARS-CoV-2-yə bənzəyir.
Cihazın qiyməti 279 avrodur.