Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

COVID-19-a qarşı ən yaxşı vaksinlər açıqlandı – "Los Anceles Tayms"

  • 2020.11.27 11:53
  • 1574 Baxış
COVID-19-a qarşı ən yaxşı vaksinlər açıqlandı – "Los Anceles Tayms"

ABŞ-ın “Los Anceles Tayms” qəzeti dünyada koronavirus əleyhinə sınaqdan keçirilən potensial vaksinlər arasında ən yaxşıları sayılan iki vaksin haqda yazı dərc edib. Söhbət “Moderna” (ABŞ) şirkətinin vaksinindən və “Pfizer” (ABŞ) şirkəti ilə “BioNTech” (Almaniya) şirkətinin birgə hazırladığı vaksindən gedir.

Novator.az saytı “Los Anceles Tayms”da dərc olunan yazını ingiliscədən dilimizə çevirərək oxuculara təqdim edir.

Pandemiyanın ölkəyə heç vaxt olmadığı qədər zərər verdiyi bir dövrdə ABŞ-ın “Moderna” şirkəti COVİD-19 vaksininin 95% effekt verdiyini elan etməklə amerikalılara çoxdan gözlədikləri ümid dolu xəbəri çatdırmış oldu.

Son həftələrdə ikinci dəfədir müstəqil ekspertlər klinik sınaqları təhlil edərək vaksin nümunəsinin gözləntiləri artıqlaması ilə qarşıladığını müəyyənləşdirirlər. Bir qədər əvvəl ABŞ-ın “Pfizer” şirkətinin Almaniyadakı tərəfdaşı “BioNTech” şirkəti ilə birgə hazırladığı vaksinin xəstəliyin simptomlarını aradan qaldırmaq baxımından 90% effekt verdiyi açıqlanmışdı.

“Tunelin sonunda görünən işıq bir az da parlaqlaşır” – Vanderbilt Universitetinin infeksion xəstəliklər və profilaktik müalicə üzrə experti Vilyam Şafner belə deyir.

Bu xəbər ABŞ-ın bir neçə ştatında koronavirus infeksiyasının üçüncü dalğasını dayandırmaq məqsədilə yeni karantin qaydalarının tətbiq edildiyi bir zamanda yayılır. Elə bir vaxtda ki, hər həftə bir milyondan çox yeni yoluxma qeydə alınır və hər gün mindən çox amerikalı həyatını itirir.

“Pfizer”-“BioNTech” və “Moderna” şirkətləri klinik sınaqların son mərhələsi ilə bağlı ətraflı məlumatları hələ açıqlamayıb və proses yekunlaşana qədər nəticələr dəyişə bilər. Bununla belə, ekspertlər bu vaksinlərin ilin sonuna qədər istifadəyə veriləcəyinə inanırlar.

Vanderbilt Universitetinin Tibb Mərkəzinin vaksin araşdırmaları proqramının direktoru Badi Kriç deyir ki, “Pfizer”-“BioNTech” və “Moderna” şirkətlərinin əldə etdiyi nəticələr onu çox ümidləndirir: “Effektivliyin səviyyəsi gözləntilərimizi artıqlaması ilə qarşılayır və bizə ümid verir ki, geniş miqyaslı vaksinasiya başlayandan sonra pandemiyaya son qoyaq”.

Gəlin, bu iki potensial vaksinlə bağlı vəziyyətə daha yaxından nəzər salaq.

Vaksinin 90% və ya 95% effektiv olması nə deməkdir?

Klinik sınaqlar vaksin nümunələrinin COVİD-19-a yoluxma riskini azaltması baxımından nə dərəcədə effektiv olduğunu müəyyən edir.

Bundan ötrü tədqiqatçılar könüllülər tapıb onlara vaksin və ya plasebonu iki dozada vurublar və hansı iştirakçıya hansı vasitənin vurulduğunu deməyiblər. Daha sonra könüllülərə gündəlik fəaliyyətlərini davam etdirmələri tapşırılıb.

Sınaqlar könüllülərin COVİD-19 infeksiyasına yoluxmasından sonra qiymətləndirmə aparmaq üçün nəzərdə tutulub. Məsələn, “Moderna” şirkəti tərəfindən həyata keçirilən sınaqlarda 30 min iştirakçı qeydiyyatdan keçmiş və 151 yoluxma halı qeydə alındıqdan sonra sınaqları dayandırmaq planlaşdırılmışdı. İndiyədək 95 nəfər xəstələnib ki, bu da məlumatların monitorinqi şurasının vaksinin faydalılığı barədə ilkin qiymətləndirməni həyata keçirməsinə kifayət edir. Vaksinin zamanla necə işlədiyini görmək üçün iştirakçıların qiymətləndirilməsi davam edəcək.

Yekun nəticə bu olub ki, “Moderna” şirkətinin üç ay davam edən sınaqları zamanı 29.900 nəfərdə simptomlar ortaya çıxmayıb. COVİD-19 infeksiyasına yoluxan 95 şəxsdən 90-ı plasebo, 5-i isə vaksin qəbul edibmiş.

Bu məlumatlar təftiş komissiyasının vaksinin 95,5% effektiv olması qənaətinə gəlməsinə imkan verib. Vaksin tətbiq edilmiş şəxslərdən 5%-nin nəyə görə xəstələndiyini müəyyən etmək üçün məlumatların qiymətləndirilməsi davam edir.

Rəqəmlər “Pfizer”-“BioNTech” şirkətlərinin 40.000 iştirakçını cəlb etdiyi sınaqlarda əldə edilən rəqəmlərlə oxşardır. Bununla belə, “Moderna” şirkətindən fərqli olaraq “Pfizer”-“BioNTech” iştirakçılar arasında xəstəliyin ağırlığı barədə məlumat açıqlamayıb.

“Heyrətləndirici və ümidverici xəbər bundan ibarətdir ki, vaksinin yoluxma riskini azaltması istiqamətində vacib və müsbət nəticə əldə edilib” – Stenford Universitetinin pediatriya və nevroloji elmlər üzər professoru Larri Ştaynman belə deyir. O, vaxtilə 10 il immunologiya şöbəsinin rəhbəri olub.

Nəyə görə könüllülərin hamısına vaksin vurulmayıb?

Tədqiqatçıların öz vaksinlərini müqayisə etmək, nəyin yaxşı, nəyin pis olduğunu qiymətləndirmək üçün başqa bir vasitələri – plasebo da olmalıdır. Bu halda plasebo sadəcə natrium xlorid məhluludur.

Eksperiment zamanı vaksin, yoxsa plasebo qəbul etdiklərindən xəbərsiz qalan yalnız iştirakçılar olmayıb. İştirakçıları qiymətləndirən tədqiqatçılar da bundan xəbərsiz olublar. Tədqiqatçılara bu məlumat ona görə verilməyib ki, onlar könüllülərin sağlamlığını qiymətləndirərkən kimin vaksin, kimin plasebo qəbul etməsi faktının təsirinə düşməsinlər.

Vanderbilt Universitetindən Kriç deyir: “Plasebo ilə nəzarət edilən sınaqlar qərəzliliyi aradan qaldırmaq üçün ən yaxşı yoldur. Plasebolar vaksinin nə dərəcədə effektiv olduğunu görməyə imkan verir. Seçimləri təsadüfi etdikdə və könüllülərin nə qəbul etdiyini bilmədikdə biz vaksinin necə işlədiyi barədə daha ədalətli mühakimə yürütməyi bacarırıq”.

Sınaqların strukturu da vaksinin əks göstərişlərini müəyyən etməkdə tədqiqatçılara yardım edir. Məsələn, əgər plasebo qəbul edənlər vaksin qəbul edənlər qədər tez-tez qol ağrılarından şikayətləniblərsə, belə qənaətə gəlmək olar ki, ağrıya iynə səbəb olub və bunun vaksinin fəal inqrediyentləri ilə əlaqələndirilməsi vacib deyil.

Nəticələr bu qədər yaxşıdırsa, niyə hələ də vaksini sınaqdan keçirirlər?

Xəstələnən iştirakçıları daha çox araşdırmaq üçün daha çox vaxt tələb olunur. Nə qədər çox yoluxma halı olarsa, tədqiqatçılar könüllülərin iki qrupu üzrə nəticələrin fərqli olduğunu və vaksinin plasebodan daha təsirli olduğunu o qədər əminliklə iddia edə bilərlər.

Bəzi əks göstərişlərin ortaya çıxması bir az vaxt tələb edə bilər və sınaqlar onların ortaya çıxmasına şərait yarada biləcək qədər uzun olmalıdır.

Ümumilikdə, əgər erkən məlumatlar vaksin nümunələrinin tamamilə təsirsiz olduğunu sübut edərsə, yaxud nəticələr çox əlverişli olarsa və plasebo qəbul etmiş şəxslərə bunu inkar etmək artıq etik olmazsa, klinik sınaqlar vaxtından əvvəl dayandırıla bilər.

İndiyədək hansı növ əks göstərişlər aşkar edilib?

Onların hər biri minimal dərəcədə olub. Bəzi iştirakçılar bir-iki gün içərisində qol ağrılarından şikayət ediblər. Bəziləri baş ağrıları və yorğunluqdan, o cümlədən əzələ ağrıları və sancılardan şikayətləniblər. Bunlardan heç biri ciddi əks göstəriş hesab olunmayıb.

Hətta bu cür geniş miqyaslı sınaqlarda da nadir əks göstərişləri aşkar etmək mümkün olmaya bilər. Ona görə vaksin təsdiqləndikdən sonra da monitorinq sistemləri əks göstərişləri daha geniş kütlə arasında araşdırmağa davam edəcək.

“Moderna” və “Pfizer”-“BioNTech” şirkətlərinin vaksinləri ilə bağlı yekun nəticələri nə vaxt əldə edəcəyik?

Bu kilinik sınaqların iki il davam etməsi nəzərdə tutulub, ona görə yekun nəticələrin nə vaxt əldə ediləcəyi dəqiq deyil.

Amma Qida və Dərman Administrasiyası (bu qurum kütləvi istifadəyə verilməzdən əvvəl yeni dərman preparatlarının təhlükəsizliyini yoxlayır) üçün yekun nəticələr indi çox vacib deyil. Administrasiya yekun nəticəyə qədər də təcili olaraq hansısa vaksinə lisenziya verə, onun kütləvi istifadəyə buraxılmasına razılaşa bilər. Bu baxımdan COVİD-19 vaksinlərinin ilin sonunadək ictimaiyyətin istifadəsinə verilməsi mümkündür.

Hazırda sınaqdan keçirilən hər hansı digər potensial vaksin varmı?

“AstraZeneca” və “Johnson & Johnson” şirkətlərinin hazırladığı vaksinlər də güclü rəqib hesab olunur.

Hər ikisi klinik sınaqların son mərhələsindədir və dünya üzrə qeydiyyat hələ də davam edir. Bu vaksinlər “Pfizer”-“BioNTech” və “Moderna” şirkətlərinin vaksinlərindən nisbətən fərqli şəkildə hazırlanıb. “Ancaq virusun səthində yerləşən eyni zülalı hədəf seçdiyinə görə biz onların eyni dərəcədə faydalı olacağına çox inanırıq” (Kriç).

Vaksini nə qədər tez əldə edə bilərəm?

Əgər Qida və Dərman Administrasiyası təcili lisenziya versə, xəstəliklərə nəzarəti və profilaktikanı həyata keçirən mərkəzlər vaksinin kütləvi istifadəsinə nəzarət etməli olacaq. Ştatlar həmçinin öz planlarını hazırlayacaqlar. Qeyri-müəyyənlik çox olsa da, dəqiq olan bir şey var ki, ilk mərhələdə kifayət qədər vaksin olmayacaq.

İlkin prioritetləşdirmə mexanizmləri səhiyyə işçilərini ön plana çəkir. Onların ardınca vaksin yaşlılara və digər xəstəlikləri olan şəxslərə veriləcək, çünki bu qrupların nümayəndələri infeksiyaya yoluxduqda xəstəliyin ağırlaşması ehtimalı daha böyükdür.

Həm “Pfizer”-“BioNTech”, həm də “Moderna” ictimaiyyətə elan edib ki, ilin sonuna qədər təxminən 20 milyon doza hazır olacaq, ancaq ekspertlər ABŞ vətəndaşlarının böyük hissəsinin immunizasiyasını həyata keçirməyə kifayət edəcək qədər vaksinin hazırlanması prosesinin gələn il yazın sonları və ya yayın əvvəllərinə qədər davam edəcəyinə inanırlar.

Bununla belə, ekspertlər bildirirlər ki, maska taxmaq və sosial məsafəni qorumaq kimi ictimai sağlamlıq prosedurları ilkin vaksinasiyadan aylar və ya hətta illər sonra da davam etməlidir.

Cavabsız qalan sual isə bu vaksinlərin insanları yoluxmadan qoruyub-qorumayacağıdır. Sınaqlar nə qədər ümidverici olsa da, vaksinin virusun yayılmasının qarşısını alıb-almayacağı məlum deyil.

Tomas Karven

Mənbə: Latimes.com