“Tibb işçilərinin əməkhaqlarına edilən əlavələr düzgün qiymətləndirilmir”.
Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarında qeyd edilib ki, əməkhaqları işlədiyi günlərə mütənasib şəkildə əlavə olunur:
“Bəzi tibb müəssisələrinin rəhbərliyi və ya işçilər bunu düzgün qiymətləndirməyib. Nəticədə, burada müəyyən anlaşılmazlıq yaranıb”.
Sədr əlavə edib ki, martda 9483 tibb işçisinin, 1143 qeyri-tibb işçisinin əlavəsi ödənilib:
“Altı milyon manatdan çox vəsait verilib. Bu, proses tam yekunlaşmayıb. Tibb müəssisələrindən siyahılar daxil olur, müəyyən dəqiqləşmələr aparılır”.
“Əgər hər hansı tibb işçisinin şikayəti varsa və ya əlavəsini almayıbsa, bizə müraciət etsin, məsələ araşdırıldıqdan sonra əlavəsini alsın”, - deyə sədr qeyd edib.