Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cinsi yolla QİÇS-ə yoluxma halları artır, anadan uşağa ötürülə bilir- QİÇS-lə mübarizə mərkəzinin direktoru

  • 2018.10.08 18:10
  • 12645 Baxış
Cinsi yolla QİÇS-ə yoluxma halları artır, anadan uşağa ötürülə bilir-  QİÇS-lə mübarizə mərkəzinin direktoru
Azərbaycanda ilk QİÇS-ə yoluxma faktının aşkarlanmasından 31 il keçib. Yoxulma halları ildən-ilə artır. Və bu xəstəlikdən heç kim sığortalanmayıb. Bəs Azərbaycanda bununla bağlı işlər necə gedir?


Medicina.az xəbər verir ki, Oxu.Az-ın suallarına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin QİÇS-lə mübarizə mərkəzinin direktoru Esmira Alməmmədova cavab verib:

 

- Son bir il ərzində Azərbaycanda QİÇS-ə yoluxan neçə əcnəbi qeydə alınıb?


- 2017-ci il ərzində QİÇS-ə yoluxmuş 11 əcnəbi qeydə alınıb. 


- Azərbaycanda QİÇS xəstələrinin sayı nə qədərdir? 


- 2017-ci ilin sonlarının nəticələrinə əsasən, onların sayı 5661 nəfərdir. 


- Hansı rayonlarda HİV/QİÇS-ə yoluxma halları daha çox müşahidə edilir?


- Əhalisi 100 mindən çox olan yaşayış yerləri arasında ən çox yoluxma faktları Şirvan və Sumqayıt şəhərlərində, eləcə də, Hacıqabul, Astara və Lənkəranda qeydə alınıb. 


- Ölkəmizdə bu xəstəlik necə aşkar edilir? Regionlardan müalicə almaq üçün gələnlər olur?


- Qeyd etmək lazımdır ki, QİÇS-in müayinəsi, uçota salınması və müalicəsi könüllü xarakter daşıyır. Bu müayinənin məhkəmə orqanlarının qərarı ilə aparılması istisnadır. 


QİÇS-in aşkar edilməsinə gəlincə isə, qeyd etmək lazımdır ki, 2011-ci ildə səhiyyə nazirinin əmri ilə respublikada ərazi tibb müəssisələrinin bazasında QİÇS-in müayinəsi və könüllü məsləhət stasionar məntəqə şəbəkələri yaradılıb. Bu şəbəkə 48 məntəqədən ibarətdir. 


Hazırda "HİV-lə mübarizə üzrə 2016-2020-ci illər üçün Tədbirlər planına” uyğun olaraq, belə məntəqələrin digər administrativ ərazilərdə təşkili nəzərdə tutulub və artıq Ucar və Neftçala rayonlarda belə təşkilatlar yaradılıb. Bu istiqamətdə işlər davam etdirilir. Bundan başqa, HİV müayinəsindən keçmək istəyən istənilən şəxs hər hansı tibb məntəqəsinə yaxınlaşmaqla bunu reallaşdıra bilər. 


Əhalinin əsas qruplarının müayinəyə cəlb edilməsi üçün fəal tədbirlər həyata keçirilir. Əhalinin əsas qruplarına daxildir: inyeksion narkotik istifadəçiləri, kişi ilə cinsi əlaqədə olan kişilər, transgenderlər, seks-biznesinin işçiləri və məhkumlar. 


Bu qrupların HİV infeksiyasına yoluxma riski daha yüksəkdir. Əhalinin bu qruplarına xüsusi diqqət yetirilməsi QİÇS-lə mübarizədə uğurlu tədbirlərin keçirilməsi üçün həlledici əhəmiyyətə malikdir. Bunun üçün ölkədə "Ford-tranzit” mini avtobuslarında xüsusi ixtisaslaşdırılmış mobil şəbəkələr fəaliyyət göstərir. Hazırda bu tipli 12 məntəqə respublika üzrə müxtəlif marşrutlarda işləyir. Qeyd etmək lazımdır ki, ekspress müayinələrin nəticəsi 20 dəqiqə ərzində müəyyən edilir. 


Xəstəliyin ağırlığından asılı olmayaraq, virusun aşkar edildiyi bütün xəstələrə müvafiq müayinədən sonra xilasedici antiretrovirus terapiyası təklif olunur. Bunun üçün respublikada antiretrovirus terapiyası mərkəzləri yaradılıb. Bu mərkəzlər altı administrativ ərazidə təşkil edilib – Gəncə, Şirvan, Şəki, Lənkəran və Quba şəhərlərində, eləcə də, Naxçıvandakı Respublika QİÇS mərkəzi bazasında...


- İnsanlar bilərək, yoxsa digər xəstəliklərin müayinəsi zamanı öyrənib müraciət edirlər?


- Son vaxtlar QİÇS-in müayinəsi üçün müraciət edənlərin sayında artım qeydə alınır. Könüllü müraciət edənlərə anonim müayinə, məsləhətli məlumatların verilməsi və QİÇS-in müayinəsi zamanı psixoloji dəstək xidmətləri təklif edilir. Mərkəzimiz tərəfindən insanların kütləvi toplaşdığı yerlərdə əhalinin maarifləndirilməsi ilə bağlı apardığımız aksiyaların populyarlıq qazandığını qeyd etmək lazımdır. 


- Cinsi yolla yoluxma yüksək faiz təşkil edir. Sizcə, seks biznesilə məşğul olan qadınlar daha çox məlumatlandırılsalar, fazi azalarmı?


- Cinsi yolla yoluxma QİÇS virusunun keçmə yollarından biridir. Xəstəlik yoluxmuş insanla müdafiəsiz cinsi əlaqə vasitəsilə ötürülə bilər. İnyeksiya yolu ilə yoluxma ümumi yoluxma strukturunda çoxluq təşkil etsə də, cinsi yolla yoluxma son illər yüksəlməyə doğru gedir. 


Və bu, heç də hər zaman seks-bizneslə məşğul olan qadınlarla bağlı olmur. Narkotik istifadəçiləri ilə əlaqə də buna səbəb olur. Əlbəttə ki, seks-biznesdə işləyən şəxslə münasibətdən sonra bu virusa yoluxma riski daha yüksəkdir. 


Bax, buna görə də seks-bizneslə məşğul olan şəxslərin profilaktika tədbirləri - QİÇS-in müayinə edilməsi, xəstəliklə bağlı məlumatlandırılma, təbliğat və qoruyucuların verilməsi kimi tədbirlər çox vacibdir. Bu cür tədbirlər QİÇS ilə mübarizə mərkəzində daim keçirilir. 


- Xəstəlik müalicə edilərkən qanda virusun miqdarı sıfıra endirilirsə, həmin insan ailə qura bilərmi?


- Antiretrovirus terapiyasına davamlı şəkildə riayət edilməsi qanda QİÇS viruslarının səviyyəsinin minimuma endirilməsinə səbəb olacaq. Bununla həmin insan digərləri üçün təhlükə yaratmır. Bu terapiyadan istifadə edən insanlar digərləri kimi sağlam olur. 


- Xəstəliyin valideynlərdən uşağa keçmə risk faktoru nə qədərdir?


- QİÇS anadan uşağa hamiləlik, doğuş və süd vermə zamanı keçə bilər. Əgər tədbirlər həyata keçirilməsə, anadan uşağa QİÇS viruslarının yoluxma faizi 20-45 olur. Kompleks profilaktika tədbirləri zamanı risk iki faizə qədər enir. 


- Bu xəstəliyin konkret dərmanı yoxdur. Nə zamansa buna qarşı dərman hazırlanması gözlənilirmi?


- Bu, həqiqətə uyğun deyil: antiretrovirus terapiyası bütün dünyada milyonlarla insanın QİÇS-dən qurtulmasına və normal həyata dönməsinə səbəb olub. Azərbaycanda bu terapiya 2006-cı ildən həyata keçirilir, 2017-ci ilin sonlarında buna 4207 nəfər qoşulub.



Cinsi yolla QİÇS-ə yoluxma halları artır, anadan uşağa ötürülə bilir-  QİÇS-lə mübarizə mərkəzinin direktoru