Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cinsi orqanları bitişik olan qız uşaqları: cərrahi müdaxilə şərtdirmi? - Mütəxəssis fikirləri

  • 2017.09.23 13:41
  • 51254 Baxış
Cinsi orqanları bitişik olan qız uşaqları: cərrahi müdaxilə şərtdirmi? -  Mütəxəssis fikirləri
Son illər dünyada və ölkəmizdə doğulan uşaqlarda müşahidə edilən qeydi-adi hallar artmaqdadır.


Bu faktlardan biri də qız uşaqlarının cinsi orqanlarında görülən cinsi dodaqların birləşməsidir. Bu isə valideynləri ciddi təşvişə salır.


Medicina.az bu cür hallarla bağlı mütəxəssislərin fikirlərini öyrənib. 


Pediatr Xəyalə Quliyeva bildirib ki, bu, bir çox hallarda pediatr müayinəsi zamanı aşkar edilir: "Bundan xəbərdar olan valideynlər çox həyəcanlanır və hətta aylarla həkim gəzir. Halbuki qorxuya heç bir əsas yoxdur. Bir çox həkimlər həmin an cərrahi müdaxiləyə ehtiyac görsələr də, deyə bilərəm ki, bu, ən son halda ola bilər. Adətən biz belə hal aşkar etdikdə öncə ginekoloqa yönləndiririk . Professional nəzər ginekoloqun baxışıdır. Cərrahi müdaxiləyə çox zaman ehtiyac qalmır. Əgər uşaqda bu hal davam edərsə, o zaman ilk olaraq bəzi müalicələr məsləhət görülür”.


Mövzu ilə bağlı ginekoloq Firuzə Cəfərzadə də Medicina.az-a açıqlama verərək cinsiyyət dodaqlarının birləşməsinin qız uşaqlarında kifayət qədər rast gəlinən və göründüyü qədər qorxunc vəziyyət olmadığını vurğulayıb: "Bir çox həkimlər valideynləri qorxudaraq gigiyena qaydalarına riayət edilmədiyini və ya cinsi yolla keçən infeksiyaların olduğunu söyləyə bilər. Lakin bu belə deyil. Xarici cinsiyyət üzvləri normal inkişaf edibsə, müşahidə olunan tək bitişmə halı valideynlərdə təşvişə səbəb olmalı deyil. Anatomik deffekt özlüyündə çox nadir hallarda rast gəlinir. Birləşmələr əksərən 6 aydan (minimum 3 ayından) -5-6 yaş arası qız uşaqlarında rast gəlinir. Baş vermə səbəbi dəqiq bilinməsə də adətən orqanizmdə estrogen azlığı kimi göstərilir. 6 aya qədər ana bətnində dölün aldığı estrogenlər körpəyə kifayət edir. Aşağı estrogen fonunda körpə dərisi daha da həssaslaşır və bezlərdə toplanan sidik dərini qıcıqlandırır və nəticədə bitişmələr yaranır. Qıcıqlandırıcı faktorlara - sidik, nəcis, qurdlar, köpük vannaları, sintetik sabun və paraşok, dar nəfəs almayan alt paltarı, xarici cinsi orqanların travması aid edilir. 

Valideynləri maraqlandıran əsas sual isə bu məqamda nə etmələridir. 

"Hansı müayinələr olunmalıdır” sualının cavabı çox sadədir : 

 

Ginekoloqun baxışı 


Sidiyin ümumi analizi


Nəcisin ümumi analizi.


Belə halla rastlaşdıqda uşağın valideynlərinə izah olunmalıdır ki, uşaq orqanizmi böyüdükcə estrogenlərin səviyyəsi də orqanizmdə artacaq və bu zaman bitişmələr də özlüyündən aralanacaq. Müşahidələrə görə 95-98% hallarda proses öz-özünə səngiyir. 


Cərrahi olaraq bitişmələrin ayrılması 6 yaşadək qızlarda yalnız sidiyə gedə bilməmə hallarında ola bilər. Əgər sidiyə getmə sərbəstsə heç bir cərrahi müdaxilə edilməməlidir. Əgər valideynlər izahatlara baxmayaraq müalicə olunmaqda israr edərlərsə, onlara mümkün müalicə metodları izah olunmalıdır. Praktika göstərir ki, əksərən 12-24 ay müddətində proses özlüyündən keçib gedir”. 


Qeyd edək ki, bitişmələrin cərrahi üsulla ayrılması uşağın psixi travma almaması üçün ancaq ümumi keyləşmə altında edilməlidir. Müdaxiləyə baxmayaraq prosesin təkrarlanma halları da mümkündür.  


Bir çox həkimlər müalicə üçün konservativ metod da təklif edə bilərlər.

F.Cəfərzadə də bu müalicə üsulunun effektli olduğunu deyir: "Tərkibində estrogen kompanenti olan kremlərdən istifadə ilk tövsiyə olunan müalicə metodudur. Hormonal müalicə təxminən 2 həftə müddətində aparılır. 3-4 kurs olaraq davam etdirilir. 


Qeyd edim ki, bu zaman uşaqların cinsiyyət dodaqlarında rəng dəyişkənliyi (piqmentasiya , şişkinlik, çox nadir hallarda uşaqlıq yolundan qanlı axıntılar) mümkündür”.

 

Şəhanə Quliyeva