Uzun müddət cinsi əlaqədə olmamaq qadınlarda ölüm riskini 70-197% artırır.
Medicina.az xəbər verir ki, bunu Minneapolisdəki Uolden Universitetinin amerikalı alimləri açıqlayıblar.
Onlar qadınların cinsi həyatı ilə gözlənilən ömür müddəti arasında əlaqə tapıblar.
Məlumata görə, bu təsir xüsusilə depressiyadan əziyyət çəkən qadınlarda özünü göstərir.
Tədqiqatın nəticələri “Journal of Psychosexual Health” elmi jurnalında dərc olunub.
Komanda 2005-ci ildən 2010-cu ilə qədər ABŞ-da keçirilən Milli Sağlamlıq və Qidalanma Sorğusunun məlumatlarını təhlil edib. 20-59 yaş arasında olan 14 542 amerikalının məlumatları tədqiqatda istifadə edilib.
Tədqiqatçılar hər hansı səbəbdən ölüm halları: depressiya, cinsi əlaqənin tezliyi, piylənmə və müxtəlif demoqrafik faktorlarla bağlı məlumatlardan istifadə ediblər.
Təhlil iştirakçıların 95%-nin ildə 12 dəfədən çox, 38%-nin isə həftədə bir dəfədən çox intim əlaqədə olduğunu göstərib.
Alimlər müəyyən ediblər ki, həftədə bir dəfədən az cinsi əlaqədə olan qadınların daha aktiv cinsi yaşıdları ilə müqayisədə vaxtından əvvəl ölmə riski 70% çoxdur.
Qadınlarda nadir cinsi əlaqə ilə birlikdə depressiya da müşahidə olunduqda bu risk 197%-ə yüksəlib.
“Bizim tapıntılarımıza görə, cinsi fəaliyyət ürək-damar sisteminin ümumi sağlamlığı üçün vacibdir. Çünki ürək döyüntüsünə təsir edir və qan axınını artırır”, deyə alimlər açıqlayıblar.
Aysel